Ran Kozux: “Sabah” üzərində qələbə yalnız yolun yarısıdır
“Qələbəyə sevinirik, amma bu, yolun yalnız yarısıdır”.
Sportify.az xəbər verir ki, bunu İsrailin “Hapoel Beer Şeva” komandasının baş məşqçisi Ran Kozux UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”a 2:1 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra deyib.
45 yaşlı mütəxəssis komandasının geridönüşündən məmnun olduğunu bildirib: “Çox xoşbəxtəm. Amma bu, yolun yalnız yarısıdır. Bu nəticə bizim zəhmətimizə layiqdir. Hazırlaşdığımız ssenari baş verdi. “Sabah” keçidlərdə çox güclü komandadır. Onların üstünlükləri var və bundan istifadə etməyi bacarırlar. Növbəti mərhələyə keçmək üçün daha dəqiq oynamalıyıq”.
Kozux cavab qarşılaşmasında “Sabah”ın təhlükəli ola biləcəyini vurğulayıb: “Rəqibi təzyiq altında saxlamaq və çoxsaylı oyunçu ilə hücuma yüklənmək bəzən təhlükəli vəziyyətlərə səbəb ola bilər. Təvazökar qalmalı və əlimizdə olanın qədrini bilməliyik. “Sabah” əvvəlki mərhələdə Danimarka “Orhus”u üzərində 4:0 hesablı qələbə qazanmışdı. Buna görə cavab oyununun asan olmayacağını bilirik”.
Baş məşqçi komandasının hazırlığında əməyi olanları və azarkeşləri də xüsusi qeyd edib: “Komandamın məşqçilər heyəti “Sabah”a hazırlıq zamanı əlavə saatlar işləyib. Analizlərə görə onlara, tapşırıqları yerinə yetirən futbolçulara böyük təşəkkür düşür. Azarkeşlərimizə də minnətdaram. Ümid edirəm ki, qarşıdakı oyunlarda daha çox tərəfdarımız olacaq və onların dəstəyini hiss edəcəyik”.
Kozux komandasının xarakter nümayiş etdirdiyini bildirib: “Çox böyük xarakter göstərdik. Necə oynamaq istədiyimizi, prinsiplərimizi və rəqibin oyununu yaxşı başa düşdük. Cavab görüşündə də eyni futbolu nümayiş etdirməyə çalışacağıq. Çempionlar Liqasına getdikcə yaxınlaşırıq. Bu gün qələbəni qeyd etməyə haqqımız var, amma sabah hər şeyi sıfırlayıb yenidən başlayacağıq”.
Qeyd edək ki, cavab görüşü avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.



No Comment! Be the first one.