“Real Madrid” dünyanın ən dəyərli futbol markası seçildi
Real Madrid dünyanın ən dəyərli futbol klubu markası seçilib.
Sportify.az xəbər verir ki, “Brand Finance” dünyanın ən dəyərli futbol klublarının marka dəyəri üzrə illik hesabatını açıqlayıb.
Hesabata əsasən, ümumi marka dəyəri 79,7 milyard avro təşkil edən dünyanın ən dəyərli 50 futbol klubu müəyyənləşib. Araşdırmada ən bahalı klubların üstünlüyü diqqət çəkib. Belə ki, marka dəyərinə görə ilk 10-luqda yer alan komandalar 50 klubun ümumi dəyərinin 60 faizindən çoxunu təşkil edib.
Siyahıya 2,7 milyard dollar marka dəyəri ilə “Real Madrid” başçılıq edir. İspaniya nəhəngini “Barselona” (2,2 milyard dollar), “Arsenal” (1,77 milyard dollar), “Bayern” (1,74 milyard dollar), PSJ (1,73 milyard dollar), “Mançester Siti” (1,70 milyard dollar), “Liverpul” (1,69 milyard dollar), “Mançester Yunayted” (1,65 milyard dollar), “Çelsi” (1,1 milyard dollar) və “Borussiya Dortmund” (766 milyon dollar) izləyir.
İlk 50-likdə İngiltərə 20 klubla ən çox təmsil olunan ölkədir. Almaniyadan 8, İspaniyadan 7, İtaliyadan 5, Portuqaliyadan 3, Fransa, Niderland və Braziliyadan isə 2 klub yer alıb.
“Arsenal” tarixində ilk dəfə ən dəyərli üç futbol klubu markası sırasına daxil olub. “Ştutqart” isə hesabat dövründə marka dəyərini ən çox artıran klub olub.
Qeyd edək ki, Rusiya klubları dünyanın ən dəyərli 50 futbol markası arasında yer almayıb.



No Comment! Be the first one.