“Real Madrid”dən tarixi transfer – Ronaldunu geridə qoydu
İspaniya “Real Madrid”i Almaniya “Leyptsiq”inin Fil Dişi Sahilindən olan futbolçusu Yan Dyomandenin transferi ilə bağlı razılığa gəlib.
Sportnet.az-ın “Marca”ya istinadən məlumatına görə, tərəflər bu gün səhər saatlarında anlaşmanı rəsmiləşdiriblər.
20 yaşlı vingerin tezliklə Avstriyadan Madridə yola düşəcəyi və tibbi müayinədən keçəcəyi gözlənilir. Transferin bu gün açıqlanması da mümkündür.
Dyomande “Real Madrid” tarixində ən bahalı transfer olacaq. Transfer məbləğinin 125 milyon avroya çatacağı, bonuslarla birlikdə isə əlavə 10-15 milyon avro ödəniləcəyi bildirilir. Beləliklə, məbləğ 2018-ci ildə Kriştianu Ronalduya görə ödənilmiş 117 milyon avronu keçəcək.
Madrid klubu bu yay digər transferlərə də ciddi vəsait xərcləyib. Mark Kukurelya üçün 55, Karlos Espi üçün 25, Denzel Dümfris üçün isə 20 milyon avro ödənilib. Bonuslar nəzərə alınmadan Dyomandenin transferi ilə birlikdə xərclər 225 milyon avroya çatacaq. İbraima Konate və Bernardo Silva isə Madridə azad agent kimi qoşulublar.
Bununla belə, “Real Madrid” satışlardan da böyük gəlir əldə edib. Akademiyadan yetişən futbolçuların transferləri ilə klubun bu yay satış gəliri artıq 184,5 milyon avroya yüksəlib. Son olaraq “Sevilya” Frank Qonsales üçün 3 milyon avro ödəyib.
Dyomandenin transferinin Vinisius Juniorun gələcəyinə təsir etməyəcəyi bildirilir. Dünən keçirilən danışıqların braziliyalı futbolçunun müqaviləsinin uzadılması istiqamətində mühüm irəliləyiş yaratdığı qeyd olunur.
Vinisiusun 2027-ci ildən sonra da “Real Madrid”də qalması gözlənilir. Futbolçu sosial şəbəkələrdəki bütün paylaşımlarını silsə də, yeni layihə və baş məşqçi Joze Mourinyo ilə özünü rahat hiss etdiyini nümayiş etdirib. İndi isə son qərarı özü verməlidir.
Sizə daha yaxşı xidmət göstərmək və saytımızın təcrübəsini təkmilləşdirmək üçün kukilərdən (cookies) istifadə edirik. Saytdan istifadə etməyə davam edərək kukilərin istifadəsinə razılıq verirsiniz
No Comment! Be the first one.