Ronaldunun şərəfinə vida mərasimi təşkil olunacaq
Portuqaliya Futbol Federasiyası hücumçu Kriştianu Ronaldunun şərəfinə xüsusi vida tədbiri keçirmək niyyətindədir.
Sportify.az xəbər verir ki, bu gün 41 yaşlı futbolçu sosial şəbəkə hesablarında beş dəqiqəlik video paylaşaraq Portuqaliya xalqına müraciət edib və milli komandadakı karyerasını başa vurmaq qərarını açıqlayıb.
Portuqaliya Futbol Federasiyası Ronaldunun milli komandadan layiqli şəkildə yola salınacağını bildirib:
“Portuqaliya Futbol Federasiyası onun lazımi ehtiram göstərilmədən yola salınmasına imkan verməyəcək. Məqsədimiz Kriştiano Ronaldunun möhtəşəm karyerasına layiq bir tədbir təşkil etməkdir. Azarkeşlər və bütün ölkə bizə bu qədər bəxş etmiş futbolçunu bir daha alqışlamaq və ona təşəkkür etmək imkanı qazanacaqlar. Hər şeyə görə təşəkkürlər, kapitan! Bu ev həmişə sənin olacaq!”.
Ronaldu Portuqaliya millisinin heyətində sonuncu oyununu sentyabrın 24-də Uelsə qarşı UEFA Millətlər Liqası matçında keçirib. Həmin görüş Portuqaliya yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
2003-cü ildən Portuqaliya millisində çıxış edən hücumçu 234 matçda 146 qol vurub. O, yığma ilə 2016-cı ildə Avropa çempionu olub, həmçinin iki dəfə (2018/19 və 2024/25) UEFA Millətlər Liqasının qalibi adını qazanıb.



No Comment! Be the first one.