Rui Jorje: Yaponiya ilə matça yorğun çıxacağıq
“Futbolçularımız istəkli idilər, çox səy göstərdilər. Amma göründü ki, daha çox inkişaf etməli, daha keyfiyyətli oynamalıyıq”.
Sportify.az xəbər verir ki, bunu 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rui Jorje Moldovanın müvafiq yaş qrupundan ibarət komandasına Qəbələ şəhər stadionunda 0:1 hesabı ilə uduzduqları yoxlama matçından sonra komandanın mətbuat xidmətinə açıqlamasında deyib.
Portuqaliyalı mütəxəssisin sözlərinə görə, yağışlı havada çıxış etmək rahat olmasa da, hər iki komanda üçün vəziyyət eyni olub: “Futbolçuların oynama əzmi və mübarizəsi xoşuma gəldi. Performansımızı artırmağa, gündən-günə daha yaxşı olmağa çalışacağıq”.
Baş məşqçi fasilədən sonra birdən-birə 9 əvəzetməyə əl atmasına da aydınlıq gətirib: “Bütün futbolçuları meydanda görmək istəyirdik. Buna görə də, ikinci hissəyə 9 əvəzetmə ilə başladıq. Oyunçuların bir-birlərini necə başa düşdüklərini, nədə çətinlik çəkdiklərini bilmək üçün onlara şans vermək lazımdır”.
Jorje millinin oktyabrın 6-da Yaponiya yığmasına qarşı keçirəcəyi yoldaşlıq görüşünə hazır olacağını deyib: “Vüsal Paşayev istisna olmaqla digər futbolçuların hər biri 45 dəqiqə meydanda oldu. Bu səbəbdən, Yaponiya ilə matça yorğun çıxacağımızı düşünmürəm. Üstəlik, nəzərə alaq ki, dünya çempionatında da matçlar üç gündən bir olur. Bunlara hazır olmalıyıq”.
Qeyd edək ki, oktyabrın 6-da saat 16:00-da Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan – Yaponiya qarşılaşması “CBC Sport”un YouTube kanalı vasitəsilə canlı yayımlanacaq.



No Comment! Be the first one.