Taekvondo üzrə ölkə birinciliyi və çempionatına yekun vuruldu
Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə sentyabrın 21-dən 24-dək Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda (FHN İSK) taekvondo üzrə uşaqlar arasında ölkə birinciliyi və 16–21 yaşlılar arasında ölkə çempionatı keçirilib.
Sportify.az xəbər verir ki, yarışın ilk üç günündə uşaqlar, sentyabrın 24-də isə 16–21 yaşlı taekvondoçular mübarizə aparıblar.
Uşaqlar arasında ölkə birinciliyində 2015–2017-ci il təvəllüdlü 403 idmançı (310 oğlan, 93 qız) 72 klubun heyətində qüvvələrini sınayıb. Oğlanlar və qızlar 10 çəki dərəcəsində mübarizə aparıblar.
16–21 yaşlılar arasında ölkə çempionatında isə 2005–2009-cu il təvəllüdlü 98 taekvondoçu (60 kişi, 38 qadın) 34 klubun heyətində iştirak edib. Kişilər və qadınlar 8 çəki dərəcəsində yarışaraq qalibləri müəyyənləşdiriblər.
Yarışın yekununda ümumi komanda hesabında FHN İSK birinci, 1 saylı UGİŞM – Gəncə ikinci, “Fighter” Taekvondo Klubu üçüncü, “Fərasət” Taekvondo Klubu dördüncü, “Uğur” Taekvondo Klubu isə beşinci yeri tutub. İlk beşliyə daxil olan komandalar kubokla təltif ediliblər.
Qeyd edək ki, taekvondo üzrə yarışlar sentyabrın 25-də də davam edəcək. Həmin gün FHN İSK-da gənclər arasında “Koreya Səfiri Kuboku” keçiriləcək.
Bir gün davam edəcək turnirdə Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən 48 klubdan 164 taekvondoçu (93 oğlan, 71 qız) iştirak edəcək.
2009–2011-ci il təvəllüdlü oğlanlar 48, 55, 63, 73 və +73 kiloqram, qızlar isə 44, 49, 55, 63 və +63 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar.








No Comment! Be the first one.