Vidadi Əhmədov: “Turan”ın adının dəyişməməsi şərtini qoymuşdum - MÜSAHİBƏ
Azərbaycan futbolunda özünəməxsus yeri olan “Turan”ın keçmiş prezidenti Vidadi Əhmədov Sportify.az-a müsahibəsində klubun yaranma tarixindən, “Fənərbağça” ilə tarixi qarşılaşmadan, Azərbaycan futbolunun problemlərindən danışıb:
– “Turan Tovuz” və Türkiyənin “Fənərbağça” komandaları arasında oktyabrın 3-də keçiriləcək yoldaşlıq görüşü həm tarixi baxımdan, həm də sizin üçün xüsusi əhəmiyyət daşıyır. Bu oyunun bir daha təşkili ideyasının təsadüfdən yox, zərurətdən ortaya çıxdığını düşünmürsünüz?
– “Fənərbağça” ilə keçirdiyimiz ilk görüşün 30 illiyini 2024-cü ildə qeyd etmişdik. Həmin vaxt bu komandanı gətirə bilməmişdik. Ancaq tarixi görüşü yad etmək məqsədilə Gəncə futbolunun və “Turan”ın veteranlarını bir araya gətirdik, onların iştirakı ilə yoldaşlıq görüşü keçirdik, formaların önünə 30 il yazdırdıq və 30 illiyi yüksək səviyyədə qeyd etdik. Klubun bugünkü rəhbərliyinə təşəkkürümü çatdırmaq istəyirəm. Bizim 30 illiklə bağlı görə bilmədiyimiz işi onlar həyata keçirirlər və “Fənərbağça”nı dəvət edirlər. 30 illik yubileydən cəmi 2 il keçməsinə baxmayaraq, ilk tarixi görüşün yenidən xatırlanması baxımından bu qarşılaşmanın təşkili çox gözəldir. Buna görə kluba minnətdarlığımı bildirirəm.
– “Turan” adı da özündə müəyyən məna daşıyır. Klub yaradılarkən bu adın seçilməsində hansı amillər əsas rol oynayıb?
– Hələ 1991-ci ilin payızında bir tovuzlu və imkanlı şəxs kimi mənə “Məhsul” komandasının rəhbərliyi müraciət etmişdi. Hansısa yarışa getmək üçün maddi dəstəyə ehtiyacları var idi. Əslində maddi çətinliklər təkcə idmanla, futbolla bağlı deyildi. Tovuz futbolunun həmişə çox gözəl ənənələri olub, ora Azərbaycan futbolunun beşiyi hesab edilib. Ölkədə isə müharibə gedirdi, insanların diqqəti və imkanları əsasən Qarabağ müharibəsinə yönəlmişdi. İdmanın demək olar ki, bütün növləri arxa plana keçmişdi. Həmin dövrdə çətinliklər təkcə idman və futbolla bağlı deyildi. 1991-ci ili xatırlayaq. O vaxt mənfur qonşularımızın respublikanın demək olar ki, bütün sərhəd boyu hücumları hər an gözlənilirdi, müharibə gedirdi. Qarabağ müharibəsi ilə əlaqədar hamının diqqəti və imkanları bu istiqamətə yönəlmişdi. Şəxsən mən də ailəmlə, dostlarımızla, yoldaşlarımızla birlikdə bütün diqqətimizi və imkanlarımızı döyüşə, sərhədlərimizin qorunmasına yönəltmişdik. Maddi cəhətdən əlimizdən nə gəlirdisə, həmin imkanların hamısını bu istiqamətə sərf edirdik, heç nəyi əsirgəmirdik. Lakin “Məhsul” komandasının rəhbərliyi mənimlə görüşmək istədilər. Onlarla söhbət etdik. Gördüm ki, bunlar böyük futbol patriotlarıdır, futbola sevgiləri var, həvəslidirlər. Uzun söhbət əsnasında mən onlara kifayət qədər vəsait ayıraraq yarışlara getmələrinə kömək etdim.
Sonra onlardan soruşdum ki, bu dəfə müəyyən vəsait ayırmaqla məsələ həll olunmur, gələcəkdə komandanın taleyi necə olacaq? Onlar da mənim münasibətimi başa düşdülər və dedilər ki, gələcəkdə sizin köməyiniz olsa, daha yaxşı olar. Tovuzun gözəl futbol ənənələri var. Müharibə gedən bir sərhəd rayonunda futbolu dirçəldə bilsək, əslində isə dirildə bilsək, bunun böyük əhəmiyyəti olar. Çünki həmin vaxt idmanın, demək olar ki, bütün növləri tamamilə yaddan çıxmışdı. Futbolu dirçəltməklə şəhəri yaşatmış, əhalinin ruh yüksəkliyini artırmış olarıq. Mən də onların bu fikirlərinə biganə qalmadım. Düşündüm ki, bu, həqiqətən də çox yaxşı addım olar. Razılaşdıq ki, gedib-gəlsinlər, sonra yenidən görüşək, komanda üçün hansı vəsait lazım olsa, onu təşkil etməyə çalışaq və komandanın yarışlarda iştirakını davam etdirək.
1991-ci ildə bu qərara gəldikdən sonra İman Həsənov və Şahin Hümbətovun da klubun təşkilatlanmasında böyük xidmətlər göstərdilər. Onlar heç bir təmənna güdmədən klubun formalaşmasına çox böyük töhfə verdilər. İlk növbədə düşündük ki, komandanı gücləndirmək üçün ən yaxşı futbolçuları cəlb etmək lazımdır. Çünki Tovuzda uzun müddət futbol oynanılmamışdı. Mən də futbolun inkişafının yalnız güclü komanda yaratmaqla mümkün olduğunu düşünürdüm. Buna görə güclü futbolçuları kluba dəvət etməyə başladıq.
Yaxşı yadımdadır, Vidadi Rzayev həmin vaxt Rusiya Federasiyasının Çeçenistan Respublikasının paytaxtı Qroznıda idi. Məxsusi olaraq özüm Qroznıya getdim. Oraya gedərkən də başımıza bir hadisə gəldi. Sürücü ilə getdiyimiz vaxt avtomobilimizi saxladılar. Vaxtında düzgün hərəkət etməsəydik və onlara – həmin banditlərə təslim olsaydıq, bəlkə də bu gün sağ olmazdıq. Onların əlindən qaçıb polisə çatdıq. Daha sonra bizi “Terek” komandasının rəhbərliyindən olan şəxslər qarşıladılar. Əli adlı bir şəxs var idi, mənim yadımdadır. Bizi yüksək səviyyədə qarşıladı, apardı, gecə orada qaldıq. Səhər isə bizi Çeçenistan sərhədindən keçirdilər. Beləliklə, Vidadi Rzayevin transfer sənədlərini aldıq.
Bu qaydada futbolçuları topladıq və ən yaxşı baş məşqçini dəvət etmək istədik. Əvvəlcə “Məhsul”un keçmiş qapıçısını dəvət etdik. Sonra Zahid Hüseynovu dəvət etdik. O da gəlib bizimlə xeyli məşqçilik işi apardı. Daha sonra daha güclü məşqçi – Ruslan Abdullayevi dəvət etmək qərarına gəldik. O da dəvətimizi qəbul etdi.

1992-ci ildə komandanı təsis etdik. Komandanın adını müəyyənləşdirərkən həmin dövrdə Türkiyəyə, Turançılara qarşı böyük qardaşlıq hisslərimiz var idi. Özümün də bu əqidədə olan dostlarım var idi. Onlarla da məsləhətləşdikdən sonra belə qərara gəldik ki, Tovuz tərəflər qədim türk torpaqları kimi qəbul edildiyindən, “Turan” adı daha uyğun olar. Beləliklə, yaratdığımız klubun adını “Turan” qoyduq və “Turan” Futbol Klubunu 1992-ci il fevralın 14-də təsis etdik.
Azərbaycanda ilk peşəkar futbol klublarından biri kimi qeydiyyatdan keçərək ilk çempionatda iştirak etdik. Həmin çempionatda bürünc medal qazandıq, üçüncü yeri tutduq.
– İlk illərdə klubun təşkilatlanması necə həyata keçirilirdi?
– İnanın, o vaxt kollektivimiz çox güclü idi. Futbolçulardan kənar, təşkilatçılıq və ümumi rəhbərlik baxımından hamı çox yüksək peşəkarlıqla klub üçün çalışırdı. Yarandığımız ilk gündən müxtəlif yaş qrupları üzrə uşaq futbol komandaları yaratdıq. Ayrı-ayrı yaş qruplarına məşqçilər dəvət etdik. Məşqçilərin qarşısında belə bir məsələ qoyduq ki, gələcəkdə klub üçün futbolçu yetişdirən şəxsə xüsusi mükafat veriləcək. Həmin il 14-15 yaşlı uşaqları da Bakıda fəaliyyət göstərən Futbol İnternat Məktəbinin komandası ilə qarşılaşdırdıq. O vaxt 8-ci mikrorayonda, hazırda Bakı Tennis Akademiyasının fəaliyyət göstərən ərazidə futbol meydançası var idi. Orada bizim uşaqlar Futbol İnternat Məktəbinin komandasına 0:8 hesabı ilə məğlub oldular.
Lakin üstündən bir neçə il keçdikdən sonra həmin komandaların heç biri bizim qarşımızda dayana bilmirdi. Uşaqlar çox sürətlə inkişaf etdilər, peşəkarlığa yiyələndilər. Biz işimizi elə qurmuşduq ki, demək olar, bütün oyunlara “Neftçi”nin keçmiş veteran futbolçularını dəvət edirdik. Onlarla ayrıca məsləhətləşir, uşaq futbolçularla görüşlərini təşkil edirdik. Bundan əlavə, Gürcüstanın “Dinamo Tbilisi” komandasının futbol veteranlarını da dəvət edir, onlarla yoldaşlıq görüşləri keçirirdik. “Neftçi” və “Dinamo Tbilisi” veteranlarının görüşlərini təşkil edir, onların məsləhətlərindən yararlanırdıq.
Klub peşəkarlıq baxımından yüksək səviyyədə qurulmuşdu, çox yaxşı işlər gedirdi. Bunun nəticəsi olaraq 1993/1994 mövsümünün qalibi olduq və Azərbaycanı ilk dəfə Avropada təmsil etdik.
– Avropakuboklarda ilk püşkatmada “Fənərbağça” ilə qarşılaşdınız. Həmin günləri necə xatırlayırsınız?
– Püşkatma o vaxtlar İsveçrənin Cenevrə şəhərindəki mənzil-qərargahında keçirildi. Mən də orada iştirak edirdim. Püşkatmadan sonra “Fənərbağça” rəhbərliyi mənim yanıma gəldi. Müxtəlif geyim və hədiyyələr təqdim etdilər. Püşkatmanın nəticəsində “Fənərbağça” ilə qarşılaşmalı olduq. Həmin vaxt Azərbaycanda futbola indiki qədər böyük diqqət yox idi. Ölkədə cəmi bir idman qəzeti fəaliyyət göstərirdi. Türkiyədə, İstanbulda isə bizi yüksək səviyyədə qarşıladılar. Məni birbaşa “Show TV”nin studiyasına apardılar. “Fənərbağça” ilə Azərbaycanda keçiriləcək oyunların televiziya yayımı ilə bağlı müqavilə bağladıq.
Bakıya gələndə isə məni əsasən yaxın adamlarım qarşıladılar. Futbol mütəxəssislərindən və futbol yazarlarından, demək olar, heç kim yox idi. Sonradan qəzetin redaksiyasına dəvət etdilər. Orada mənə belə bir sual verdilər: “Sizcə, Azərbaycanda futbol nə zaman inkişaf edəcək”? Mən cavab verdim ki, Azərbaycanda futbol o zaman inkişaf edəcək ki, klub rəhbərliyində ən azı peşəkarlar olsun. Futbol klubları yalnız bu halda inkişaf edə bilər. Söhbət işi qurmaqdan, yanaşmadan, təşkilatçılıq və rəhbərlik etməkdən gedir. Həmin illərdə “Turan”da işlər peşəkar səviyyədə qurulmuşdu.

– “Fənərbağça” ilə ilk oyun necə keçdi? Səviyyə fərqini nəzərə alaraq, demək olarmı ki, nəticəsi əvvəlcədən məlum idi?
– Xeyr, əvvəlcədən məlum olan oyun demək düzgün olmazdı. Əlbəttə, “Fənərbağça” çox güclü komanda idi. Bizim isə beynəlxalq oyun təcrübəmiz demək olar ki, yox idi. Həmin təcrübəsizlik oyunda özünü göstərdi. Məsələn, qapımıza vurulan qollardan ikisi mənim yaxşı yadımdadır. Birində cərimə zərbəsi zamanı biz hələ “canlı sədd” düzəltməmiş topu yerinə qoydular və zərbəni vurdular. Qol oldu. Digər epizodda isə künc zərbəsi zamanı bizim futbolçular düşündülər ki, top artıq oyundan çıxacaq və qapıçı da öz mövqeyinə qayıdacaq. Amma onlar oyunu axıra qədər davam etdirib topu qaldırdılar və qol vurdular. Beləliklə, heç nədən qapımızda iki qol gördük. Eyni zamanda, oyuna getməmişdən əvvəl futbolçuların psixoloji hazırlığı üçün nə qədər çalışsaq da, onlar beynəlxalq səviyyədə belə bir oyuna, dolu tribunalar qarşısında o səs-küyə tam hazır deyildilər. Baxmayaraq ki, Milliyyətçi Hərəkat Partiyası tərəfindən klubumuz üçün xüsusi bayraqlar hazırlanmışdı, böyük azarkeş dəstəyi təmin edilmişdi. Ancaq təəssüf ki, beynəlxalq oyun təcrübəmizin olmaması səbəbindən böyük hesabla məğlub olduq.
– Cavab görüşünü niyə Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda deyil, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirdiniz?
– Cavab görüşünün Azərbaycanda keçirilməsi üçün ovaxtkı gənclər və idman naziri Əbülfəs Qarayev çox çalışdı və bizə böyük kömək göstərdi. Respublika Stadionunu hazırladıq, işıqlandırma ilə bağlı məsələləri həll etdik, lampalar aldıq və gətirdik. Lakin sonradan məlum oldu ki, UEFA tərəfindən Respublika Stadionu hələ qəbul edilməyib. UEFA-nın gəlib stadionu qəbul etməsi və oyunun keçirilməsinə icazə verməsi lazım idi. Bu isə müəyyən qədər vaxt tələb edirdi. Əvəzində Sumqayıt stadionu artıq qəbul edilmişdi və tam hazır vəziyyətdə idi. Buna görə cavab görüşünü Sumqayıtda keçirdik.
– Sumqayıtdakı qarşılaşma necə keçdi?
– Cavab görüşündə böyük fərq hiss olunmadı. Ancaq bir daha deyirəm, təcrübəsizlik özünü göstərdi. Biz qol vura bilmədik. “Fənərbağça” isə Azərbaycana iki qol vurub qələbə qazandı. Əslində, bu, Azərbaycanın klublar səviyyəsində beynəlxalq arenadakı ilk oyunu idi. Bilirdik ki, bizim üçün qələbə o qədər də asan deyil. Lakin əllərimizi əvvəlcədən yanımıza sallayaraq, məğlubiyyətlə razılaşmamışdıq. Oynamağa, vuruşmağa çalışırdıq. Lakin yenə deyirəm, təcrübənin olmaması özünü bir daha göstərdi. “Fənərbağça” ilə qarşılaşma qardaşlıq oyunu kimi yaddaşlarda qaldı. Onlar bizi, biz isə onları yüksək səviyyədə qarşılayıb yola saldıq. Çox xoş haldır ki, “Fənərbağça” ilə yenidən Azərbaycanda görüşəcəyik. Buna görə də oyunun təşkilinə səbəbkar olan yoldaşların hamısına öz minnətdarlıq hisslərimi çatdırmaq istərdim.

– Bəs “Turan” sonrakı mövsümlərdə avrokuboklara niyə vəsiqə qazana bilmədi?
– Növbəti mövsümdə də “Turan” çempionluğa real namizəd idi. Sonda çempionluq qazanmış “Kəpəz”lə Tovuzda təşkil olunmalı matçı AFFA Sabirabada təxirə saldı. Guya əvvəlki mövsümdə doğma meydanda keçirdiyimiz oyunda konflikt yaşanıb. Getdik, Sabirabadda “Kəpəz”i 3:1 hesabı ilə məğlub etdik. Yəni, “Turan” daha güclü idi. Lakin sonda elə alındı ki, Gəncə klubu çempion oldu.
– Demək olarmı ki, AFFA-nın ovaxtkı rəhbərliyinin təzyiqləri üzündən çempion ola bilmədiniz?
– Əlbəttə, təzyiqlər var idi. Sonradan təzyiqlər daha da artmağa başladı. Bunları hiss edərək, bir il müddətinə klub rəhbərliyindən kənarlaşdım. Hətta istefa verərək, tamamilə getmək istədim. Akif Məmmədov adlı bir şəxs kluba rəhbərlik etməyə başladı. Amma onun dövründə “Turan” böyük maliyyə çətinlikləri yaşamağa başladı. Vəziyyət çox çətinləşmişdi. Bunu gördükdə ürəyim ağrıdı, kluba etinasız qala bilmədim. Yenidən qayıtdım və öz işlərimi davam etdirdim. Təkcə klubla yox, həm də ölkə futbolunun təşkilatlanması ilə əlaqədar böyük işlər görməyə, AFFA-nın sağlamlaşdırılması istiqamətində aidiyyəti addımlar atmağa başladıq.
– Sonradan AFFA rəhbərliyinə sizə yaxın şəxslər gəlsə də, “Turan”da qalmadınız…
– 1993/1994 mövsümündə Azərbaycan çempionu olduğumuz vaxt “Turan Tovuz”un təsisçisi mən idim. Biz Tovuzda köklü işlər görməyə başlamışdıq. İlk növbədə, Tovuzda yeganə futbol arenası olan şəhər stadionunu özəlləşdirdik və ora klubumuzun mülkiyyəti oldu. Məndən sonra da kluba rəhbərlik edənlər bu işləri davam etdirdilər. 2000-2003-cü illərdə kluba lazımi maliyyə dəstəyini vermək imkanlarım tükənmişdi. Belə desək, daha düzgün olardı: bacarmırdım. Bu zaman rəhmətlik iş adamı “Turan”ı himayəyə götürmək həvəsində oldu. Yusifov məndən klubun təsisçiliyini ona verməyimi xahiş etdi. Mən də “Turan”la birlikdə stadionu da ona təmənnasız verdim. Amma bir şərtim oldu ki, klubun adı gələcəkdə də dəyişilməsin, elə “Turan” kimi qalsın. Yusifov isə “Bu klubu götürürəm, nə vaxtadək bacarsam, saxlayacağam. Saxlaya bilməsəm, sənin məsləhətinlə ona verəcəyəm və ya özünə qaytaracağam” söylədi. Sonradan elə alındı ki, klubdaxili narazılıqlar yarandı.

– Naci Şensoyun yenidən “Turan”a gətirilməsi necə baş verdi?
– Yusifov həmin ərəfədə məndən xahiş etdi ki, güclü komanda qurmaq və çempionluq əldə etmək üçün məsləhətli baş məşqçi gətirməyimizi istədi. Mən də yeganə güclü baş məşqçi kimi Naci Şensoyu gördüyümü bildirdim. “O zaman gedək gətirək” dedi. Nəticədə ikimiz birlikdə Şensoyla görüşə yollandıq.
– Şensoyun “Turan”dakı ilk fəaliyyətini necə xatırlayırsınız?
– Onu 2002/2003 mövsümündə də dostlarımızın vasitəçiliyi ilə Türkiyədən dəvət etmişdim. Dostlarım Şensoyu görüşə çağırdılar, ona klubumuzun durumunu anlatdılar. Maliyyə imkanımız yaxşı olmasa da, adının “Turan” olmasını nəzərə alaraq, komandanın ayaq üstə qalmasına kömək etməyini istədilər. Naci bəy də razılıq verərək, klubumuzda işlədi və güclü kollektiv yaratdı. Onunla aramızda heç bir rəsmi müqavilə bağlanmamışdı. Ona gücümüz çatdığı qədər – ayda 1000-2000 dollar pul verə bilərdik. Çünki imkanlarımız o vaxt yüksək deyildi. Allah onun canını sağ eləsin, bir “Turan”çı, bir türk kimi böyük hörmət nümayiş etdirdi və vəziyyəti nəzərə alaraq, heç bir təmənna güdmədən komandamızda işlədi. Onun tələbatını qismən təmin edə bildik.
– Bəs ikinci dəvət zamanı hansı şərtləri irəli sürdü?
– Yenə də razılaşma böyük məbləğləri əhatə etmədi. Dedi ki, “Turan” adlı komandada necə istəsəniz, o cür işləməyə hazıram. Bununla belə, fikrimcə, Yusifov Şensoya normal məbləğ ayırmışdı. Yəni, ilk dəfə ilə müqayisədə, Şensoyun əmək haqqı yüksək idi. Naci bəy “Turan”da 2 ilədək çalışdı. Sonra isə Tahir müəllim mənə zəng edərək, klubdan getmək istəyini bildirdi.

– Sonradan da klubun müxtəlif dəstəkçiləri oldu…
– Tahir Yusifov getdikdən sonra Tovuzun ovaxtkı icra başçısı Tofiq Zeynalovla məsləhətləşdik və klubu onun uyğun gördüyü şəxsə verdik. Beləliklə, Yusifov klubu tərk etdi. Sonrakı prosesləri isə izləyə bilmədim. Bir müddət Musa Süleymanov “Turan”a maddi dəstək oldu, müxtəlif işlər gördü. Bu klubun taleyini ona görə yaxşı qiymətləndirmək olar ki, dövlətlə yanaşı, iş adamları da öz vəsaitini əsirgəməyib. Ona görə də “Turan” bu günədək yaşayır. Maneələr, çətinliklər ortaya çıxsa da, hamısı dəf olunub.
– Bəs Ehtiram Quliyevin klubun İdarə Heyətinin sədri vəzifəsinə gəlişi necə baş verdi?
– 2019-cu ildə AFFA İcraiyyə Komitəsinin qərarı ilə “Turan Tovuz” və “Kəpəz” klubları Azərbaycan Premyer Liqasına buraxıldılar. Biz də Tovuzun icra başçısı Məmməd Məmmədovla birlikdə qərara gəldik ki, kluba dövlətin ayırdığı vəsaitlə elitada çıxış edə bilərik. Sonradan isə klubun bəxti açıldı, “Huner Group”un prezidenti Ehtiram Quliyev sponsor kimi gəldi. Ona böyük təşəkkürümü bildirirəm. Ehtiram müəllim öz vəsaitini nəinki kluba, hətta stadiondakı infrastruktura xərclədi. Tovuz şəhər stadionunda yeni bina inşa etdirdi. Ona həm bu işlərinə, həm də “Fənərbağça” ilə oyunun təşkilatçılığına görə dönə-dönə təşəkkür edirəm. Onlar o xoş hissləri bir daha bizə dönə-dönə yaşadacaqlar və xatirələr daha da canlanacaq.
(davamı olacaq).
Elşən MƏMMƏDOV



No Comment! Be the first one.