UEFA Gənclər Liqasında “Qarabağ” – “Dinamo Zaqeb” (1:2) matçından sonra “Qarabağ”ın futbolçusu Əli Bəşirovun atası Siyasi və Hüquqi Arazdırmalar Mərkəzinin rəhbəri politoloq Xəyal Bəşirovun Sportify.az-a müsahibəsi:
– “Qarabağ”ın UEFA Gənclər Liqasında “Dinamo Zaqreb”lə oyunu barədə fikirlərinizi necədir?
– “Qarabağ”ın UEFA Gənclər Liqasında çıxış etməsi, təbii ki, hər bir azərbaycanlını sevindirir. 19 yaşlı futbolçularımızın “Dinamo Zaqreb”ə qarşı mübarizə aparması və UEFA Gənclər Liqasının növbəti mərhələsinə yüksəlmək uğrunda mübarizə aparması olduqca xoşagələndir. Futbolçularımız, uşaqlarımız sona qədər mübarizə apardılar. Rəqib də güclü, böyük tarixə və futbol ənənələrinə malik komandadır. Amma hər bir halda “Qarabağ” da tarix yazan klubdur və bizim 19 yaşlı futbolçularımız da bu cür oyunlarda mübarizə aparmalıdırlar. Düşünürəm ki, Azərbaycanda futbolun inkişafı məhz belə mərhələlərdən keçməlidir. Gənclərimiz beynəlxalq yarışlarda bu cür təcrübə qazanmalı, mübarizə aparmalıdırlar ki, gələcəkdə güclü futbolçularımız yetişsin və azərbaycanlı futbolçular dünyanın aparıcı klublarında çıxış edə bilsinlər.
– Öz oğlunuzun oyunundan razı qaldınızmı?
– Əli Bəşirov 2017-ci ildən “Qarabağ”ın akademiyasında çıxış edir. Artıq bu il Qurban Qurbanov tərəfindən Qarabağın əsas komandasına dəvət olunub. Düşünürəm ki, onun 16 yaşı tamam olmamış əsas komandaya dəvət edilməsi ona göstərilən böyük etimadın göstəricisidir. UEFA Gənclər Liqasında da Əli Bəşirovun komanda yoldaşları ilə birlikdə gərgin mübarizədə yaxşı oyun və performans nümayiş etdirməsi həm bir valideyn, həm də bir azərbaycanlı kimi məni sevindirir. Amma düşünürəm ki, bundan da yaxşı oynaya bilərdilər. Rəqibdən heç də zəif görünmürdülər, hətta bu komandaya qalib gəlmək də mümkün idi. Ümid edək ki, cavab oyununda, Xorvatiyada daha yaxşı çıxış edərək uğurlu nəticə ilə qayıdacaqlar.
– Əli uşaqlıqdan futbola necə başladı? Onun futbolçu olmasına necə qərar verdiniz?
– Əlinin uşaqlıqdan futbola böyük marağı olub. Bununla yanaşı, təhsilini də çox yaxşı davam etdirib. Riyaziyyat fənnini çox yaxşı bilir, müxtəlif yarışlarda iştirak edib və uğurlu nəticələr əldə edib. Bütün bunlara baxmayaraq, futbola daha çox üstünlük verir. Düşünürəm ki, onun təhsilli olması, riyaziyyatı yaxşı bilməsi və digər elmləri asan qavraması futbolda da özünü göstərir. Yaxşı təhsil almasının onun futbolçu kimi inkişafına təsir edən amillərdən biri olduğunu düşünürəm. Ümid edirəm ki, digər futbolçularımız da futbolçu olmaqla yanaşı, təhsilli olmağa çalışacaqlar. Əslində, ailəmizdə futbola xüsusi marağı olan biri olmayıb, mənim özümün də futbola elə böyük marağım olmayıb. Amma Əlinin bu həvəsini gördükdən sonra bir valideyn kimi ona dəstək olmuşam. Ailəmiz də hər zaman onun yanında olub. Bu günə qədər gəlib çatması böyük uğurdur. Amma düşünürəm ki, əsl böyük uğur onun gələcəkdə xarici, xüsusilə də Avropa klublarında çıxış etməsi və orada Azərbaycan futbolunu layiqincə təmsil etməsi olacaq. O zaman deyə bilərik ki, onun həm təhsilə, həm də futbola olan marağını dəstəkləməklə düzgün qərar vermişik.
– Əli hansı məktəbdə təhsil alır?
– Bakı Avropa Liseyində təhsil alır. Bu lisey təhsil nəticələrinə görə öndə gedən məktəblərdən biridir. Əli burada təhsil almaqla yanaşı, futbol məşqlərini də davam etdirir. Bir məqamı xüsusi qeyd etmək istəyirəm ki, məktəbdə onun futbol fəaliyyəti nəzərə alınır və müəyyən güzəştlər edilir. Eyni zamanda, futbol fəaliyyətində də təhsilini davam etdirməsi üçün ona dəstək göstərilir. Bu baxımdan həm məktəbin rəhbərliyinə, həm də “Qarabağ” klubunun rəhbərliyinə təşəkkürümü bildirirəm.
– Əlini gələcəkdə hansı komandada görmək istərdiniz? Top-5 Avropa liqalarında çıxış etməsini arzulayırsınızmı?
– Əslində, Əlinin özünün də arzusu Avropa klublarında çıxış etməkdir. Ümid edirəm ki, gələcəkdə İspaniya və ya İngiltərə klublarında oynamaq imkanı qazanar. Bu, həm bizim ailəmiz, həm də bütün Azərbaycan üçün böyük uğur olar.
– Xüsusilə görmək istədiyiniz bir klub varmı?
– Əlinin özünün arzuladığı xüsusi bir klub var. Bu da “Real Madrid”dir. Ümid edirəm ki, Allah onu arzusuna çatdırar.
Bahar RÜSTƏM



No Comment! Be the first one.