Zaur İsmayılov: Belə oyun növbəti matçlar üçün stimuldur
“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Çox maraqlı və gərgin oyun keçdi. Təəssüf ki, yenə erkən qol buraxdıq. Bununla belə, ikinci hissədə fərqi minimuma endirdik. Təəssüf ki, ikinci qolu standart vəziyyətdən buraxdıq. Sevindirici haldır ki, biz də ilk qollarımızı vurduq, özü də standart vəziyyətlərdən. Təəssüf ki, bərabərlik qolunu vura bilmədik və yenildik”.
Sportify.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Zaur İsmayılov səfərdə “Qarabağ”a 2:3 hesabı ilə uduzduqları Misli Premyer Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.
Gənc mütəxəssis II turun “Neftçi” ilə səfər qarşılaşmasında da iki erkən qol buraxdıqlarını və bundan sonra komandasının toparlana bilmədiyini xatırladıb. Lakin onun fikrincə, bugünkü görüşdə “Araz-Naxçıvan” daha yaxşı mübarizə aparıb: “İkinci hissə başlayanda da ön xətdə rəqibi sıxdıq və nəticədə qol vurduq. İlk qollarımızı vurduq. Bu amil də sevindiricidir. “Qarabağ” kimi rəqiblə heç-heçə də əldə edə bilərdik. Sonda gərginlik var idi. İmkanlarımızdan istifadə etdik. Birinci hissənin sonlarında da bir qədər fəal idik. Amma təəssüf ki, sonda yenildik. Bu cür oyun növbəti görüşlər üçün stimul ola bilər”.



No Comment! Be the first one.