Ziya Rəcəbov: Əsas mərhələyə vəsiqədən ötrü əlimizdən gələni edəcəyik
“Plovdivdəki ilk oyunda komandamız güclü çıxış edərək 3:0 hesablı qələbə qazandı. Oyunçularımız həm hücumda, həm də müdafiədə üzərlərinə düşən vəzifələri yaxşı yerinə yetirdilər. Xüsusilə blok və servis komponentlərindəki çıxışımız qələbədə mühüm rol oynadı”.
Sportify.az xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət “Turan” komandasının baş məşqçisi Ziya Rəcəbov Bolqarıstan təmsilçisi “Marista” ilə keçirəcəkləri CEV Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmasından əvvəl deyib.
Təcrübəli mütəxəssis əldə etdikləri üstünlüyə baxmayaraq, cavab matçına tam konsentrasiya ilə hazırlaşdıqlarını bildirib: “Voleybolda hər set böyük əhəmiyyət daşıyır və oyunun gedişatı çox sürətlə dəyişə bilər. “Maritsa” güclü rəqibdir və onların cavab qarşılaşmasında daha aqressiv oynayacağını gözləyirik”.
Rəcəbovun sözlərinə görə, əsas məqsəd oyun üslubunu qorumaq, servislərin qəbulunda sabitliyi təmin etmək, hücumda effektiv olmaq, blok və müdafiə sistemində intizamlı çıxış etməkdir.
Onun fikrincə, Tovuzda doğma azarkeşlərin dəstəyi ilə oynaması “Turan”a əlavə motivasiya verəcək: “İnanıram ki, komandamız bu sınağın öhdəsindən gələcək və CEV Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq üçün əlindən gələni edəcək”.
Xatırladaq ki, noyabrın 10-da Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək “Turan” – “Maritsa” görüşü saat 18:00-da başlanacaq.



No Comment! Be the first one.