Binə Atçılıq Mərkəzində növbəti cıdır yarışları keçirildi
Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarışları baş tutub.
Azərbaycan Respublikası Atçılıq Federasiyasının mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, yarışlarda 5 Qarabağ və 5 Dilbaz atı mübarizə aparıb.
4 yaşlı Dilbaz atlarının handikap yarışında Orxan Hacıyev “Tomris” ləqəbli atla birinci olub. O, 2000 metr məsafəni 2 dəqiqə 35,96 saniyəyə qət edib. Hilal Nəzərovun “Lavin”i 2 dəqiqə 42,78 saniyə ilə ikinci, Sadiq Azayevin “Savaş”ı isə 2 dəqiqə 53,38 saniyə ilə üçüncü yeri tutub.
5 yaş və yuxarı Qarabağ atlarının 2000 metr məsafəyə yarışında isə maraqlı hadisə yaşanıb. Rauf Tahirovun “Xatun”u finiş xəttini birinci keçsə də, handikap qaydalarını pozduğu üçün nəticəsi qeydə alınmayıb.
Beləliklə, qalib adı Hilal Nəzərovun çapdığı “Sultan”a verilib. At məsafəni 2 dəqiqə 28,60 saniyəyə tamamlayıb. Albina Həsənovanın “Dəmirçi”si 2 dəqiqə 45,95 saniyə ilə ikinci, Amina Hacıyevanın “Rufian”ı isə 2 dəqiqə 47,12 saniyə ilə üçüncü olub.
Qeyd edək ki, cıdır mövsümünün son yarışı oktyabrın 17-də keçiriləcək.














No Comment! Be the first one.