"Everton" Reşfordu istəyir
İngiltərənin “Everton” klubu “Mançester Yunayted”in hücumçusu Markus Reşfordu mövsümün sonuna qədər icarəyə götürmək istəyir.
Sportify.az xəbər verir ki, bu barədə “TEAMtalk məlumat yayıb.
Mənbənin məlumatına görə, “Mançester Yunayted” rəhbərliyi bu varianta açıqdır. Lakin transfer maliyyə məsələləri və futbolçunun mövqeyi səbəbindən baş tutmaya bilər.
28 yaşlı ingiltərəli futbolçu cari mövsümdə Premyer Liqada yalnız bir oyunu tam keçirib. Oktyabrda milli komandaların oyunları üçün yaranan fasilədən sonra Reşford “Tottenhem”lə 1:1 hesablı matçda yalnız əlavə vaxtda meydana çıxıb. “Lids”lə görüşdə (1:2) ehtiyatda qalan hücumçu “Bornmut”la oyunu (0:3) zədə səbəbindən buraxıb. Zədəsinin onun uzun müddətə sıradan çıxmasına səbəb olmayacağı bildirilir. Reşford, həmçinin beş dəfə ehtiyat oyunçular skamyasından meydana çıxıb.
Transferin qarşısındakı əsas maneələrdən biri futbolçunun həftəlik təxminən 325 min funt sterlinq təşkil edən maaşıdır. “Mançester Yunayted” ödənişlərin bir hissəsini öz üzərinə götürsə belə, hazırda satışa çıxarılan “Everton” üçün bu, ciddi maliyyə yükü hesab olunur.
Bundan əlavə, Reşfordun özünün İngiltərə çempionatının orta səviyyəli klubunda deyil, daha böyük komandada çıxış etməyə üstünlük verdiyi qeyd olunur.
Reşford ötən mövsümü icarə əsasında “Barselona”da keçirib. O, La Liqada 32 oyunda 8 qol vuraraq İspaniya çempionu olub. Hücumçu Çempionlar Liqasında isə daha 5 dəfə fərqlənib.



No Comment! Be the first one.