Qurban Qurbanov: Onlar yüz faiz cəzalanacaqlar!
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Qəbələ” ilə qolsuz heç-heçə etdikləri Misli Premyer Liqasının X tur matçından sonra mətbuat konfransı keçirib.
Sportify.az xəbər verir ki, 54 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
– Qələbə qazanmaq istəyirdik və bunun üçün istəkli idik. Lakin alınmadı. Çünki qarşımızda çox istəkli, intizamlı oyun qurmuş, yaxşı müdafiə olunmuş və çox sürətli əks-hücumlara çıxa bilən kollektiv var idi. Bu çempionat bir daha göstərir ki, burada heç bir oyun asan deyil. Hər qarşılaşmaya maksimum hazırlaşmalıyıq. Pozitiv düşünərək önə baxmalıyıq. Qarşıdakı oyunlara köklənəcəyik.
– İlk hissədə futbolçular arasında mübahisə oldu. Marko Yankoviç və Mateus Silva ötən mövsüm İtaliyada “Napoli” ilə Çempionlar Liqasının oyununda da mübahisə etmişdilər. Niyə yola gedə bilmirlər: Cəza veriləcəkmi?
– Ümumiyyətlə, futbol emosional oyundur. Dünya futbolunda belə hallara tez-tez rast gəlirik. Komanda yoldaşları, dostlar bir-birini sevmir və ya münasibətləri yaxşı deyil demək düzgün olmaz. Onlar hər zaman bir yerdədirlər və bir-birlərinə qarşı pozitiv münasibətdə olurlar. Sadəcə, hadisəni tam araşdırmamışam. Belə oyunlarda bizim bilmədiyimiz hansısa əsəbi məqamlar və ya hadisələr baş verə bilər. Buna görə dəqiq fikir bildirmək istəmirəm. Amma yüz faiz cəzalandırılacaqlar. Belə hallara təkcə oyunlarda deyil, məşqlərdə də rast gəlinir və bunu müəyyən mənada normal qarşılamaq lazımdır. Bununla belə, hər bir futbolçu emosiyalarını idarə etməyi bacarmalıdır. Çünki bu cür hallar komandanın nəticəsinə mane olur.
– Yankoviçin əvəzlənməsi nə ilə bağlı idi?
– Mübahisə ilə əlaqədar idi.
– Çempionluğa iddialı daha bir komanda – “Sabah” əsas futbolçularını oynatmadan ötən tur “Qəbələ”ni çox rahatca 4:0 hesabı ilə məğlub etmişdi. Siz isə eyni arenada bir tur sonra heç-heçə etdiniz. Bu, “Sabah”la aranızdakı səviyyə fərqini göstərir, yoxsa motivasiya baxımından hər hansı problemdən irəli gəlir?
– Xeyr, motivasiya problemi yox idi. “Sabah” burada elə də asan qələbə qazanmamışdı. Düzdür, əvvəlki oyunda 4:0 hesabı qeydə alınmışdı, lakin qolların ikisi son dəqiqələrdə vurulmuşdu. Həmin qarşılaşma da asan keçməmişdi. Rəqibin yeni baş məşqçisi var. Yeton Bekirini tanıyıram. Ötən mövsüm Çempionlar Liqasında onun rəhbərlik etdiyi Şimali Makedoniya “Şkendiya”sına qarşı oynamışdıq. Həmin vaxt da çox yaxşı təşkilatlanmış kollektivlə qarşılaşmışdıq. Bu gün də bunun şahidi olduq. Düşünürəm ki, bu komanda getdikcə daha da yaxşılaşacaq. Digər tərəfdən, biz də daha yaxşı oynamalıyıq. Lider olmaq istəyiriksə, topla daha yaxşı davranmalıyıq. Çatışmazlıqlarımız var və bu, normaldır. Lakin əsas məsələ öz oyunumuzu inkişaf etdirməkdir. Ümumilikdə, çempionatın gedişatına baxsaq, hər tur istənilən nəticə ola bilər.
– Komandanın oyununda, xüsusilə Marko Yankoviçin çıxışında son turlarda zəifləmə var. Bu nə ilə bağlıdır?
– Razıyam, daha yaxşı oynamalı, topa daha çox sahib olmalı və daha çox qol epizodları yaratmalıyıq. Bunun üzərində işləyirik. Əlbəttə, çatışmazlıqlarımız var, lakin onların hamısını burada açıqlamaq istəmirəm. Bizim həm potensialımız, həm də gücümüz var. Müəyyən çatışmazlıqlar mövcuddursa, deməli, üzərində işləməli olduğumuz detallar da var. İlk növbədə, məşqçi heyəti olaraq bu istiqamətdə çalışmalı, daha sonra futbolçulardan da lazımi tələbləri irəli sürərək problemləri aradan qaldırmalıyıq. İnanıram ki, bunu bacaracağıq.
– Azarkeşlər arasında əvvəlki “Qarabağ”ın görünmədiyi ilə bağlı fikirlər səslənir. Uzun müddətdir bu komandada çalışırsınız və heyət bir neçə dəfə dəyişilib. Yayda da dəyişikliyə məruz qalan komandanın arzulanan oyununun alınmamasının səbəbi nədir?
– Dəyişikliklərin olacağını hər zaman gözləmək lazımdır. Futbol elə bir oyundur ki, burada daimi dəyişikliklər baş verir. Lakin birdən-birə daha çox dəyişikliyin olması müəyyən mənada bəzi düşüncələrimizə mane olur. Lakin buna baxmayaraq, əvvəlki “Qarabağ”ın olmadığına dair fikirlərlə əlaqədar müəyyən mövqe bildirmək olar. Əlbəttə, biz əvvəlki “Qarabağ”dan daha yaxşı olmaq istəyirik. Lakin bugünkü çempionatın səviyyəsini də nəzərə almaq lazımdır. Artıq hər bir rəqib özünə inanır, istənilən komanda digərinə qarşı yaxşı oyun qura bilir. Bu da çempionatın səviyyəsinin yüksəldiyini göstərir. Ola bilər ki, hazırda tam düşündüyümüz tipdə oyunçular əldə edə bilməmişik. Buna görə də bəzən oyun quruculuğunu mövcud futbolçuların xüsusiyyətlərinə uyğunlaşdırmağa çalışırıq. Amma düşünürəm ki, bu problemləri aradan qaldıracağıq. Futbolçularımızın potensialı var. Bəlkə də müəyyən çatışmazlıqları mövcuddur, lakin onların digər üstün cəhətlərindən də istifadə etməyə çalışacağıq. Avrokuboklarda mübarizəni dayandırmağımızın da komandaya müəyyən psixoloji təsiri oldu. Bundan əlavə, bəzi futbolçuların zədələnməsi rotasiya imkanlarımızı aşağı saldı. Buna baxmayaraq, mütləq daha yaxşı olmalıyıq. Çatışmazlıqlarımızı gizlətmirəm. Rəqiblər nə qədər güclü olsalar da, bizim öz potensialımız var və hələ ki, onu tam şəkildə ortaya qoya bilmirik. Bir daha qeyd edirəm ki, əvvəlki “Qarabağ” olmayacağımızı düşünmürəm. Əksinə, daha yaxşı olmaq üçün çalışırıq. Hansısa mərhələdə istədiyimiz nəticələri əldə edə bilməsək belə, bu, təslim olduğumuz və uğursuz olduğumuz anlamına gəlmir. Biz daim uğur qazanmaq, inkişaf etmək, yaxşı işləmək və müsbət nəticələr əldə etmək üçün çalışırıq.
– Buna uğursuzluq demirik, sadəcə, azarkeşlər əvvəlki uğurlu “Qarabağ”ı görmürlər və bu cür oyunu həzm etmirlər…
– Bu, tamamilə başadüşüləndir. Komanda udanda uğurlu görünür. Deməzdim ki, transferlərdə yanlışlıqlar oldu. Sadəcə, bir qədər zamana ehtiyacımız var. Komandanı istədiyimiz sürətli və dinamik oyun səviyyəsinə çatdırmaq üçün müəyyən vaxt lazımdır. Azarkeşlərimiz ruhdan düşməsinlər, düzələcək. Bəzən sosial şəbəkələrdə səsləndirilən neqativ fikirlərin ətrafında çoxlu müzakirələr yaranır və bu da istər-istəməz insanlara təsir edir. Amma qətiyyən bədbinliyə əsas yoxdur. Yaxşı komandamız, yaxşı kollektivimiz var. İnanıram ki, bizi qarşıda yaxşı oyunlar gözləyir. Bununla belə, daha yaxşı olmaq üçün çalışmağa davam edəcəyik. Heyətimizi genişləndirmək istiqamətində də işlərimiz davam edir.
– Türkiyənin “Fənərbağça” komandasının baş məşqçi postuna namizəd göstərilirsiniz…
– “Fənərbağça”ya uğurlar arzulayıram.
Bahar RÜSTƏM



No Comment! Be the first one.