Dünya çempionatı: Gimnastlarımızdan uğurlu start
Azərbaycan millisi Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında mübarizəyə başlayıb.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, batut gimnastikası üzrə qarışıq sinxron proqramda 2026-cı il Dünya Kuboku seriyasının qalibləri Selcan Mahsudova və Maqsud Mahsudov, kişi sinxron proqramında isə eyni titula sahib olan Maqsud Mahsudov və Hüseyn Abbasov çıxış edirlər.
Selcan Mahsudova və Maqsud Mahsudov həmçinin fərdi proqramda da öz bacarıqlarını nümayiş etdirəcəklər.
Tamblinq üzrə millidə isə komanda hesabında ikiqat dünya çempionları Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşov yer alırlar. Təcrübəli gimnastlar həm fərdi, həm də komanda yarışlarında çıxış edəcəklər.
Çempionatın ilk təsnifat günündə batut gimnastikası üzrə qarışıq sinxron proqramda çıxış edən Selcan Mahsudova və Maqsud Mahsudov 50.250 xal toplayaraq yarımfinal mərhələsinə vəsiqə qazanıblar.
Tamblinq növündə Tofiq Əliyev 59.500 xalla təsnifat mərhələsini lider kimi tamamlayaraq növbəti mərhələyə yüksəlib.
Mixail Malkin isə 57.100 xalla dördüncü pillədə qərarlaşaraq ikinci təsnifat mərhələsində iştirak hüququ əldə edib.
İlk dəfə böyüklər yaş kateqoriyasında dünya çempionatında debüt edən Aleksey Karataşov da 54.400 xalla ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb.
Komanda yarışlarında tamblinq üzrə milli ümumilikdə 87.200 xal toplayaraq sıralamanın 1-ci pilləsindən final mərhələsinə vəsiqəni təmin edib.
Noyabrın 5-də isə batut gimnastikası üzrə fərdi proqramlarda mübarizəyə start veriləcək. Selcan Mahsudova və Maqsud Mahsudov bu dəfə fərdi çıxışlar edəcəklər.



No Comment! Be the first one.