Arsen Venger: Hamı Bakıdakı dünya çempionatının yenidən keçirilməsini istəyir
“Hamı bu turnirə heyran qalıb. Hər kəs onun dərhal yenidən təşkil olunmasını istəyir”.
Sportify.az xəbər verir ki, bunu FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Venger Bakıda 15 yaşadək futbolçular arasında keçirilmiş dünya çempionatı və festivalı barədə qurumun rəsmi saytına danışarkən deyib.
Fransalı mütəxəssis yarışın formatını yüksək qiymətləndirib. O, turnirin iştirakçılar arasında rəqabət balansını təmin etdiyini, oyunların yüksək intensivlik və texniki səviyyə ilə yadda qaldığını bildirib: “Ümumilikdə, bütün dünyanın bu formatda oynaya bildiyini gördük. Böyük və kiçik ölkələr arasındakı fərq gözlədiyimiz qədər böyük olmadı. Futbolçuların sayının azaldılması müəyyən qədər buna kömək edir. Bununla yanaşı, hər oyunda turnirin intensivliyi və futbolçuların mübarizəsi çox yüksək idi”.
Vengerin fikrincə, bu oyun formatı futbolçulardan yüksək diqqət və konsentrasiya tələb edir: “Onlar bu baxımdan da inkişaf etdilər. Texniki səviyyə çox yüksək idi. Meydanın bir tərəfindən digər tərəfinə çox sürətli keçidlərin şahidi olduq. Bu format 11×11 futbolda tələb olunan səbir amilini azaldır. Çünki topu ələ keçirən kimi dərhal təhlükəli hücum təşkil etmək mümkündür. Bu da azarkeşlərin diqqətini daim oyunda saxlayır və onların oyundan zövq almasına şərait yaradır”.
Qeyd edək ki, 189 ölkənin qatıldığı dünya çempionatının qalibi adını İspaniya qazanıb. Azərbaycan millisi isə 84-cü yeri tutub.



No Comment! Be the first one.