Azər Bağırov: Qışda ən azı bir futbolçu ilə güclənməyə çalışacağıq
“Şamaxı”nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının XI turunda “Sabah”la 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportify.az xəbər verir ki, mütəxəssis əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
– İlk növbədə hər kəsi salamlayıram. Zəfər Günümüz mübarək olsun! Bu zəfərdə payı olan hər kəsə, başda cənab Prezident olmaqla, ordumuza böyük təşəkkürümü bildirirəm. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Zəfərimiz əbədi olsun. Azərbaycana qələbələr yaraşır. “Sabah”a qarşı oynayacağımızı və rəqibin necə komanda olduğunu bilirdik. Çempionlar Liqasında yaxşı mübarizə aparır. Çempionatımızın ən güclü komandalarından biri ilə qarşılaşırdıq. İlk növbədə futbolçulardan mübarizə aparmağı tələb etmişdim. Sağ olsunlar, meydanda əsl döyüşkənlik nümayiş etdirdilər. Düşünürəm ki, bir xal qazandıq, hətta daha çoxunu da əldə edə bilərdik. “Sabah”a həm Çempionlar Liqasında, həm də çempionatımızda uğurlar arzulayıram.
– Siz bir xal qazandığınızı dediniz. Amma oyunun son 15-20 dəqiqəsində qapı qarşısında yaradılan təhlükəli vəziyyətləri nəzərə alsaq, məncə, iki xal itirdiniz. Bu fikirlə razısınız?
– Xeyr, bu gün reallıq odur ki, bir xal qazandıq. Səfərdə “Sabah”a qarşı itirdiyimiz xallar barədə düşünmək istəmirəm. Əsas odur ki, soyunub-geyinmə otağında da futbolçulara vurğuladım: mənim üçün meydandakı mübarizə vacib idi və onlar bunu göstərdilər. Qalan məsələlər, xallar barədə düşünmək istəmirəm. Hətta məğlub olsaydıq belə, bu gün futbolçuların oyunundan razı qalardım.
– Komandanızın birinci dövrədəki çıxışını necə qiymətləndirirsiniz?
– Bir oyun və bir hissəni, xüsusilə də həmin oyunun ilk yarısını çıxmaq şərtilə, 10 matçda meydanda daha yaxşı olduğumuzu düşünürəm. Ən çox xoşuma gələn məqam odur ki, öz meydanımızda oturmuruq, daha çox rəqibin meydanında oynamaq, dominantlıq etmək, pressinq tətbiq etmək istəyirik. Müasir futbolun tələbləri nədirsə, onları futbolçularımıza aşılamağa çalışırıq. Sevindirici haldır ki, bu gün çempionatımızın ən gənc komandasıyıq və meydanda daha çox yerli futbolçularla mübarizə aparırıq.
– Oyunun sonlarına yaxın futbolçulardan daha çox irəli oynamağı tələb edirdiniz. Bu, onların fiziki gücünə və hazırlığına inamınızdan irəli gəlirdi, yoxsa rəqibin xüsusiyyətlərini nəzərə alırdınız?
– Futbol elə oyundur ki, qorxmamalısan. Sənin motivasiyan futbolçulara daha çox hiss olunmalıdır. Üstəlik, “Sabah”ın ön xətdəki futbolçularının keyfiyyətini bilirik. Buna görə də futbolçulardan topu daha çox irəli, rəqibin müdafiə xəttinin arxasına göndərməyi tələb edirdim.
– Komanda 11 oyunda yaxşı futbol nümayiş etdirib. Ancaq heyətdə rotasiya imkanlarının məhdud olması narahatlıq doğurur. Ehtiyat oyunçular skamyasında əsas heyətin səviyyəsini qoruyacaq kifayət qədər seçiminiz varmı? Komandanın gələcəkdə eniş yaşamasından ehtiyat edirsiniz?
– Əslində, dediyiniz məqamda həqiqət var. Ancaq çalışıram ki, futbolçulara mümkün qədər eyni səviyyədə şans verim və onların oyun praktikası çox olsun. Həm hücum xəttində, həm də yarımmüdafiədə rotasiyalara üstünlük verirəm. Statistikaya baxsaq, müdafiə xətti ilə müqayisədə hücum xəttində daha çox dəyişiklik etmişəm. Bu, müdafiəçilərimizdən razı olduğum anlamına gəlmir. Çünki qollar buraxırıq. Sadəcə, əlimizdə olan imkanlar daxilində rotasiyanı daha çox ön xətdə həyata keçirə bilirik. Yerli futbolçulardan xüsusilə Emin Rüstəmovu qeyd etmək istəyirəm. O, 11 oyunun hamısında 90 dəqiqə meydanda olub və heç vaxt əvəzlənməyib. Düşünürəm ki, gələcəkdə daha da yaxşı ola bilər.
– Qış transfer pəncərəsində heyəti gücləndirmək imkanınız olacaq, yoxsa klubun maliyyə vəziyyəti buna mane olur?
– İnşallah, bu barədə düşünürük. Zaman göstərəcək. Klub rəhbərliyi ilə də bu məsələni müzakirə etmişik. Çalışacağıq ki, qış fasiləsində ən azı bir futbolçu ilə heyətimizi gücləndirək.



No Comment! Be the first one.