Azərbaycan İdman Akademiyası və Güləş Federasiyası əməkdaşlıq memorandumu imzaladı
25 sentyabr 2026-cı il tarixində Azərbaycan İdman Akademiyası (ASA) ilə Azərbaycan Güləş Federasiyası (AGF) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sportify.az xəbər verir ki, Tədbirdə ASA-nın rektoru Fuad Hacıyev də iştirak edib. Memoranduma ASA-nın tədris işləri üzrə prorektoru Ülkər Babayeva və AGF-nin baş katibi Pərvin Piriyev imza atıblar.
Sənədin əsas məqsədi təhsil, idman, elm və tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsi, birgə layihə və proqramların həyata keçirilməsi, güləşin inkişafı və kütləviləşdirilməsi, həmçinin yüksək ixtisaslı idman mütəxəssislərinin hazırlanmasına dəstək göstərməkdir.
Memorandum çərçivəsində idmançı, məşqçi, hakim və digər idman mütəxəssislərinin peşəkar hazırlığı, tələbələr üçün praktiki təcrübə imkanlarının yaradılması, birgə yarış, seminar, təlim və ustad dərslərinin təşkili, eləcə də elmi tədqiqatların aparılması nəzərdə tutulur.
Əməkdaşlıq çərçivəsində ASA-nın tədris, elm və ömürboyu təhsil imkanları ilə AGF-nin idman infrastrukturu və praktiki təcrübəsindən qarşılıqlı istifadə olunması, istedadlı idmançıların müəyyənləşdirilməsi və inkişafı, tələbə və gənclərin idmana cəlb edilməsi planlaşdırılır.












No Comment! Be the first one.