Emil Balayev: Ağrılara öyrəncəliyəm - MÜSAHİBƏ
“Neftçi”nin qapıçısı Emil Balayev evdə “Şəfa”nı 4:1 hesabı ilə darmadağın etdikləri Misli Premyer Liqasının IV tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportify.az xəbər verir ki, təcrübəli qolkiper öncə oyunu dəyərləndirib:
– Premyer Liqanın debütantına qarşı oynayırdıq. Bilirdik ki, bizim üçün asan olmayacaq, qapanacaqlar. Həqiqətən də rəqib baş məşqçi Zaur Həşimovun işini qeyd etmək lazımdır. Yaxşı təşkil olunmuş komandadır. Özünüz də gördünüz ki, birinci hissə bizim üçün çox çətin keçdi. Yalnız uzaq məsafədən qol vura bildik. Fasilədən dərhal sonra standart vəziyyətdən qol buraxdıq. Hesab bərabərləşdikdən sonra təşəbbüsü ələ aldıq və yekunda qələbə qazana bildik.
– Demək olar ki, “Neftçi” 1:1-dən sonra ayıldı?
– İkinci hissənin ilk 15 dəqiqəsindən sonra hardasa başqa bir komanda olduq. Ayılmaq yox, sadəcə, müəyyən müddət rəqib oyunumuza, futbol fəlsəfəmizə tab gətirirdi. Lakin vaxt keçdikdən sonra uşaqlar baş məşqçinin tapşırıqlarını daha da dəqiq yerinə yetirə bildilər.
– 4 oyuna 9 xal qazanmısınız. Startı “Neftçi” üçün nə dərəcədə uğurlu saymaq olar?
– “Neftçi” daim maksimum nəticələr üçün mübarizə aparan komanda olub. Ona görə, əlbəttə, ötən tur “Zirə” ilə görüşümüzü də maksimum xalla başa vurmaq istəyirdik. Lakin alınmadı. Qarşımızda uzun mövsüm var. Önümüzə baxmalıyıq. Artıq səhvlərimizdən nəticə çıxarmalı və daha da irəli getməyə çalışmalıyıq.
– VI turdan sonra “Neftçi”ni gərgin qrafik gözləyir. Ardıcıl olaraq “Sabah”, “Qarabağ” və “Turan Tovuz”la üz-üzə gələcəksiniz. Demək olar ki, bu 3 oyun öncəsi “Neftçi”nin hədəfi qarşıdakı “İmişli” və “Qəbələ” səfərlərində maksimum nəticə toplamaqdır?
– 2 turdan sonra hələ milli fasiləsi var. Çətin səfərlər olacaq. Hər ikisi yaxşı komandadır. Həm də cari mövsümdə süni örtükdə hələ oynamamışıq. Gələn tur Yevlaxda oynayacağıq. Çalışacağıq ki, orada da maksimum nəticə göstərək. Komandamızın qarşısında öhdəliklər var. Onları yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik.
– Şənbə günü olsa da, azarkeş az idi. Sizcə, bu, ilə bağlı ola bilər?
– Onu dəqiq deyə bilmərəm. Amma ən azından “Forza Neftçi”yə təşəkkür edirəm. Onlar üçün evdə, yaxud səfərdə oynamağımızın fərqi yoxdur, həmişə bizi dəstəkləyirlər. Onların dəstəyi bizi çox ruhlandırır.

– UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun “Dinamo-Minsk” komandası ilə ev oyununda hesab 2:0 “Neftçi”nin xeyrinə olarkən bir qurtarış etdiniz və zədələndiniz. Az sonra isə bir qədər uğursuz qol buraxdınız. Düşünmürsünüz ki, ilk epizodda əvəzlənsəydiniz, həm sizin üçün, həm də “Neftç” üçün daha yaxşı olardı?
– Onsuz da karyeramda çox zədələr olub. Müəyyən zamandan sonra insan ağrılarla oynamağa alışır. Mən də həmin anda zədəni hiss elədim, amma fikirləşirdim ki, komandama meydanda yardımçı olum. Çünki birinci dəfə deyil. Açığı, belə hallar tez-tez olur. Ola bilsin, özüm üçün xoşagəlməz haldır, amma olur. 2 il əvvəl “Kəpəz”lə oyunda öz müdafiəçimiz Mark Tamaşla toqquşmuşdum. Ondan sonra 1 ay yaşıl meydandan uzaq qalmışdım. Yaxşı ki, qış fasiləsinə düşmüşdü. Lakin elə xarakterim var ki, ağrılara öyrəncəliyəm. İstədim meydanda olum, komandama kömək edim. Lakin istədiyim kimi alınmadı. Fasilədə gördüm ki, ağrılarım artır və buna görə də əvəzlənəsi oldum.
– Həmin vaxt Kenan Piriçin menecerinin şərhi geniş müzakirələrə səbəb oldu…
– Onun üçün klubumuz, “Neftçi”nin mətbuat xidməti açıqlamanı verdi. Yəqin ki, hamınız o açıqlamanı görmüsünüz. Artıq şərhə ehtiyac duymuram. Həm də artıq Piriçin də, menecerinin də “Neftçi” ilə əlaqəsi qalmayıb. Onlara da gələcək karyeralarında uğurlar diləyirəm.
– 4:1 hesabı ilə qalib gəlsəniz də, daha çox qol vura bilərdiniz. Gələcək turlarda əsas rəqiblərinizdən olan “Sabah” bu tur “Zirə”ni darmadağın etdi. Düşünmürsünüz ki, bu gün bitiriciliyi olmayan nöqtələr sizə “Sabah”la oyunda problemlər yarada bilər?
– Hələ önümüzdə “İmişli” ilə oyun var. Çox yaxşı komandadır. Biz o barədə fikirləşirik. Əvvəlcə ən yaxın məqsədimizə nail olaq, ondan sonra “Sabah” barədə danışarıq. Çünki hələ milli fasiləsindən sonra baş tutacaq oyundur. Növbəti müsahibələrdə o barədə danışarıq.
Həlimə ƏLİYEVA



No Comment! Be the first one.