Hayderson Hurtado: Kolumbiya millisindən dəvət gözləmirəm - MÜSAHİBƏ
“Turan Tovuz”un kolumbiyalı futbolçusu Hayderson Hurtadonun səfərdə “Şəfa”ya 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının VII tur matçından sonra Sportify.az-a müsahibəsi
– Qarşılaşma barədə nə deyə bilərsiniz?
– Çox danışa bilmərəm. Ən əsası odur ki, bu oyunda qələbə qazandıq. Əsas hədəfimiz bu mövsüm də avrokuboklara – Çempionlar Liqası, Avropa Liqası və ya Konfrans Liqasına vəsiqə qazanmaqdır.
– Oyunun əvvəlində aldığınız zədə nə dərəcədə ciddidir?
– Deyə bilmərəm. Çünki ciddilik dərəcəsini bilmirəm. Amma dizimdə ağrılar var.
– “Qarabağ”, “Neftçi”, “Sabah” və “Zirə” də avrokuboklar uğrunda ciddi mübarizə aparır. Onlarla rəqabətdə hədəfinizə çatmaq nə dərəcədə çətin olacaq?
– Avrokuboklara vəsiqə üçün sonadək oynayacaq və vuruşacağıq. Hər bir komanda ilə oyunlarımız çətin olacaq. Amma biz özümüzə inanırıq.
– Lakin “Turan Tovuz” yaratdığı epizodlardan yararlana bilmir. Bunun üzərində çalışırsınız?
– Biz oyundan-oyuna artırmalıyıq. Bir oyunda qələbə qazandıqdan sonra növbətisini düşünməliyik. Hədəfimizə doğru yavaş-yavaş gedirik.
– Milli fasilə komandanıza daha yaxşı hazırlaşmağınız baxımından faydalı oldumu?
– İstirahət təkcə bizə yox, hamıya kömək etdi.
– Həmyerliniz Kamilo Duran da Azərbaycanda “Qarabağ” kimi klubda oynamasına baxmayaraq, Kolumbiya millisinə çağırılmırdı. Bu dəvət Şotlandiya “Seltik”inə transfer olunduqdan sonra gəldi. Belə çıxmırmı ki, bu, Azərbaycan Premyer Liqasının daha aşağı səviyyədə olmasına görədir?
– Düşünmürəm ki, bu, liqanın səviyyəsindən asılıdır. Sadəcə, çağırış onların özlərindən gəlməlidir. Bizdən heç nə asılı deyil.
– Bəs özünüz Kolumbiya millisindən dəvət gözləyirsiniz?
– Xeyr.
– Növbəti görüşü “İmişli”yə qarşı keçirəcəksiniz. Gözləntiləriniz nədir?
– Əvvəlcə bərpa olunmalı, daha sonra məşqləri bərpa etməliyik. Həftə ərzində hazırlaşmalıyıq. Hələlik “İmişli” ilə oyun barədə heç nə deyə bilmərəm. Ən vacib məsələ budur ki, qalib gəldik. Ailəmizlə vaxt keçirərək, istirahət etdikdən sonra növbəti görüşü düşünəcəyik.
– Komandanızın baxımlı oyundansa nəticəni düşünməsi doğrudurmu?
– Hər şeydən önəmlisi, pis və ya yaxşı oynamağından asılı olmayaraq, 3 xal qazanmaqdır.



No Comment! Be the first one.