Mahir Emreli: Baş məşqçimiz mənə görüntülü mesaj atdı
Azərbaycan millisinin və Polşanın “Rakuv” klubunun futbolçusu Mahir Emreli evdə Litva yığması üzərində 1:0 hesablı qələbə qazandıqları UEFA Millətlər Liqasının oyunundan sonra jurnalistlər üçün brifinq keçirib.
Sportify.az həmin müsahibəni təqdim edir:
– Lixtenşteynə məğlubiyyətdən sonra Litva üzərində qazanılan qələbə komanda üçün nə dərəcədə vacib idi?
– Təbii ki, millinin oyunlarının hər biri önəmlidir, böyük qarşılaşmalardır. Nəticə olmayanda, istər-istəməz kluba nəzərən ikiqat təzyiq olur. Bunu hiss edirsən. Nəticədən də önəmlisi komandanın verdiyi reaksiyadır ki, bu da məni çox sevindirdi. Lixtenşteyndən sonrakı 3 gün ərzində toparlana, mübarizə apara bildik. Xüsusən, bu gün birəbir epizodlardakı mübarizə, komandanın döyüşkənliyini hər birimiz gördük, hiss etdik. Meydanda bir-birimiz üçün mübarizə apardıq. Belə anlarda bir-birimizə dəstək olmalı, toparlanmalıyıq.
Düşünürəm ki, Lixtenşteynlə oyunda hər halda qələbə olmalı idi. Buna nə söz var, nə də bəhanə. Lakin mənimlə də razılaşarsınız ki, Lixtenşteynlə matçda qələbə qazandığımız halda, bu oyunda qalib gəlməsəydik, heç bir mənası olmayacaqdı. Litva üzərində qələbə qrupdakı ən önəmli qalibiyyətlərdəndir.
Bu gün təbii ki, az-çox sevinmək olar, qələbənin dadını hiss etmək hər zaman çox xoşdur. Xüsusən də milli səviyyəsində. Eyni zamanda da sakit, təmkinli qalmaq lazımdır. Hələ bir oyunumuz var. Dərinə gedəndə, onsuz da D Liqası ləğv olunacaq. Amma qrup liderliyi reytinq, özgüvən və öz adımız baxımından önəmlidir.
Çalışmalıyıq ki, Lixtenşteynlə Bakıdakı matçda dəyərləndirə bilmədiyimiz epizodların öhdəsindən səfərdə gələk. Düşünürəm ki, qrupda da tam olaraq, bu hədəflərə köklənmək lazımdır. Təbii ki, klubun da öz hədəfləri var. Amma futbolçuların ağlında hər zaman millinin uğurları durmalıdır və bunu düşünməliyik.
– Kluba qalib kimi qayıtmaq fərqli hissdir?
– Əlbəttə. Qrup birincisi olaraq, qayıtmaq doğrudan da gözəl hissdir. Təbii ki, Polşa daha güclü rəqiblərə qarşı oynayır. Lakin bunun heç bir önəmi yoxdur. “Rakuv”da Keniyadan, Qabondan olan futbolçular da var. Yəni, izləyirlər, baxırlar. Baş məşqçimiz Tomaş Kaçmarek də mənə görüntülü mesaj atdı. Oyunumuzu izləyirdi. Təbii ki, bu, bizi də sevindirir.
Kluba başıdik qayıtmaq doğrudan da çox xoşdur. Xorvatiyanın “Dinamo Zaqreb” komandasında olanda bu hiss üçün darıxırdım. Çünki ətrafımdakılar dünya çempionatının gümüş və bürünc medalçıları olan Xorvatiya yığmasının futbolçuları idi. Ona görə də qazanılan hər bir nəticə adımızdır, ölkəmiz üçün çox önəmlidir.
– Bütün oyunlarda iştirak etməyiniz fiziki və mənəvi yorğunluğa səbəb olub. Kluba qayıtdıqdan sonra bərpa dövrünə ehtiyacınız olmayacaq?
– Keçən il çox az oynamışam, ona görə də oynamaq üçün darıxmışam. Təbii ki, bu barədə düşünmürəm. Bərpa üçün zamanım olacaq. İkinci hissəyə başlamamışdan əvvəl də danışırdıq ki, uşaqlarda yorğunluq varmı, yoxmu? Bu gün yorulmağımıza, mübarizə aparmağımıza dəydi. Bu, xoş yorğunluqdur və bərpası da məğlubiyyətə nəzərən daha xoşdur.
– Legionerlərin azlığı milliyə necə təsir edir?
– Təbii ki, bu, Lixtenşteynlə oyunda da özünü göstərdi. Bəzi qol epizodlarına girsək də, qaçırırdıq. Bu, oyun praktikasından da, bəzi hallarda isə bəxtsizlikdən də irəli gəlir.
Artıq milli fasilənin uzunluğuna dair qərar qəbul olunub. Biz bunu dəyişə bilmərik. Maksimumumuzu verməliyik ki, oyun dəqiqələri qazanaq və milliyə faydalı olaq.



No Comment! Be the first one.