Yuri Maksimov: Birinci qol bizi bir qədər büdrətdi
“Araz-Naxçıvan”ın baş məşqçisi Yuri Maksimov evdə “Neftçi”yə 1:3 hesabı ilə məğlub olduqları Misli Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransı keçirib.
Sportify.az xəbər verir ki, 57 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
– Bilirdik ki, turnir cədvəlinin lideri “Neftçi”yə qarşı oynayacağıq. Çalışdıq ki, daha çox topa nəzarət edək. Birinci qol bizi bir qədər büdrətdi. Buna baxmayaraq, qol vuraraq hesabı bərabərləşdirməyə çalışdıq. İlk hissədə hesabı bərabərləşdirmək istəsək də, buna nail ola bilmədik. İkinci hissədə isə qollar buraxdıq. Aydındır ki, futbolda yalnız 11 oyunçu ilə kifayətlənmək olmur. Ehtiyat oyunçularımızla yanaşı, zədəli futbolçularımız da var idi. Gənc oyunçulara da şans verdik. Onlardan bəziləri ilk dəfə meydana çıxırdı. Səhvlər edirik, amma buna baxmayaraq, oyunumuzu davam etdiririk.
– Zədələnən futbolçunun vəziyyəti necədir? Zədəsi nə dərəcədə ciddidir?
– Hələlik bilmirik. Oyundan sonra həkim müayinədən keçirəcək və vəziyyəti barədə məlumat verəcək.
– Ağadadaşın oyunda iştirak etməməsinin səbəbi nə idi?
– Ağadadaş icarə əsasında komandamızda çıxış etdiyi üçün “Neftçi”yə qarşı oynaya bilməzdi. Növbəti oyunda “Sabah”a qarşı meydana çıxa biləcək. Abdulla da icarə əsasında çıxış edir.



No Comment! Be the first one.