Yuri Vernidub: Belə səhvlərə yol verməyə haqqımız yoxdur
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub səfərdə “Araz-Naxçıvan”ı 1:3 hesabı ilə məğlub etdikləri Misli Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransı keçirib.
Sportify.az xəbər verir ki, 60 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
– İlk növbədə, çox şükür ki, qalib gəldik. Uşaqlara da dedim ki, “Araz-Naxçıvan” turnir cədvəlinin sonuncu pilləsində olsa da, əslində, öz yerində deyil. Burada əsas məqamlardan biri Şamaxı stadionunun süni örtüklü olmasıdır. Rəqib bu meydanda daim oynayır, biz isə belə qazonda mütəmadi çıxış etmirik. Bəzən bu cür meydanlarda oynayırıq və bu da topa nəzarətdə müəyyən problemlərə səbəb olur. Görürdünüz ki, bəzi hallarda futbolçularımız heç bir təzyiq olmadan topu itirirdilər. Bunun səbəbi də meydançanın örtüyü idi. Amma əsas odur ki, qalib gəldik. Məni məyus edən yeganə məqam buraxdığımız qoldur. Hələ də anlamıram ki, həmin qolu necə buraxdıq. Belə səhvlərə yol verməməli, bu cür qollar buraxmamalıyıq. Çünki hazırda elə mövqedəyik ki, bu səhvləri etməyə haqqımız yoxdur. Yuxarı pillələr uğrunda mübarizə aparan komanda kimi belə səhvlərdən qaçmalıyıq. Bu, sanki bir çəllək balın içinə acı bir şey qatmaq kimi oldu. Əlbəttə, istəyirdik ki, hesabı qoruyaq, hətta daha bir qol vurmaq imkanımız da var idi. Amma belə alındı. Futbolda bu cür hallar baş verir. Oyunu təhlil edəcəyik və lazımi nəticələr çıxaracağıq. Bir daha azarkeşlərimizə təşəkkür edirəm. Onlar hər zaman komandamızın yanındadırlar. Bu gün də bizi tək qoymadılar və yüksək səviyyədə dəstəklədilər.
– Bu gün Qustavo Kulizmanın möhtəşəm akrobatik qolu ilə yadda qaldı. Həmin qolu necə qiymətləndirirsiniz?
– İnanılmaz qol idi, xüsusilə də birinci qolu. İkinci qol da çox gözəl alındı. Məni daha çox sevindirən isə onun artıq altı qol vurmasıdır. Bu futbolçuya böyük ümidlər bəsləyirik və ondan daha çox uğur gözləyirik. Belə qarşılaşmalarda bu cür möhtəşəm qollar haqqında danışmaq xüsusilə xoşdur.
– Növbəti turda rəqibiniz “Zirə” olacaq. Bu mövsüm yeganə məğlubiyyətinizi də məhz bu komandaya qarşı almısınız. Qarşılaşmaya revanş kimi baxırsınız?
– Bunu revanş adlandırmazdım. Bizim istəyimiz meydana çıxaraq maksimum gücümüzü ortaya qoymaq və üç xal qazanmaqdır. Xallara ehtiyacımız var və turnir cədvəlində irəliləmək istəyirik. Düşünürəm ki, “Zirə” də eyni məqsədlə meydana çıxacaq. Ona görə də qarşıdakı oyunla bağlı indidən nəsə demək istəmirəm. Bu görüşü səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, komandamız yaxşı oyun nümayiş etdirəcək və istədiyimiz nəticəni qazanacaq.



No Comment! Be the first one.