Anar Quliyev Asiya Kubokunun mükafatçıları ilə görüşdü
Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev Asiya Kubokunun II mərhələsində uğur qazanan idmançılarla görüşüb.
Sportify.az xəbər verir ki, noyabrın 3-də keçirilən görüşdə İraqın Süleymaniyə şəhərində təşkil olunan yarışın qalibləri və mükafatçıları iştirak ediblər.
Qadınlardan ibarət Azərbaycan millisinin üzvləri Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanova komanda yarışında qızıl medal qazanıblar. Yaylagül Ramazanova və Məhəmmədəli Əliyev isə qarışıq komanda yarışında gümüş medala sahib olublar.
Görüşdə Anar Quliyev idmançıları əldə etdikləri nəticələr münasibətilə təbrik edib, onların uğurlarında məşqçi heyətinin əməyini xüsusi vurğulayıb. Federasiya prezidenti Asiya Kubokunda ilk dəfə iştirak edən Azərbaycan millisinin birincilik qazanmasını yüksək qiymətləndirib.
Söhbət zamanı qarşıdakı beynəlxalq yarışlara və Olimpiya Oyunlarına hazırlıq, məşq prosesinin təkmilləşdirilməsi, eləcə də idmançıların peşəkar inkişafı üçün lazımi şəraitin yaradılması məsələləri müzakirə olunub.
Qeyd edək ki, kamandan oxatma üzrə Asiya Kubokunun II mərhələsi oktyabrın 24-29-da İraqın Süleymaniyə şəhərində 19 ölkədən 120 idmançının iştirakı ilə keçirilib. Qadınlardan ibarət Azərbaycan yığması finalda Qazaxıstan komandasına qalib gələrək qızıl medal qazanıb. Qarışıq komanda yarışında isə təmsilçilərimiz ikinci yeri tutublar.
Turnir Dünya Kamandan Oxatma Federasiyasının (World Archery) rəsmi təqviminə daxil olan dünya reytinq yarışıdır.










No Comment! Be the first one.