Cerri Bleyks: Biz ciddi komandayıq və potensialımız böyükdür
FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə “Sabah” basketbol komandası Bakıda Türkiyənin “Trabzonspor” kollektivini 91:72 hesabı ilə məğlub edib.
Sportify.az xəbər verir ki, matçdan sonra “Sabah”ın basketbolçusu Cerri Bleyks matçla bağlı fikirlərini bölüşüb:
– İlk növbədə, Allaha şükür edirəm. Bu, əla qələbə və komanda şəklində yaxşı çıxış idi. Baş məşqçimizin tapşırıqlarına əməl etdik. Əsas diqqətimiz müdafiəyə yönəlmişdi. Meydana çıxıb oyun planımızı yerinə yetirmək istəyirdik. Mövsümün əvvəlindən bu məqsəd uğrunda çox çalışırıq. Öz bacarığımızı və potensialımızı bilirik. Bu gün onları nümayiş etdirmək xoş oldu.
– Bu oyunda 17 xal topladınız və komandanızın ən məhsuldar basketbolçularından biri oldunuz. “Sabah” daha əvvəl “Manisa”ya da qalib gəlmişdi. Ancaq “Trabzonspor” Türkiyənin Avropanın ən güclü liqalarından biri hesab edilən Super Liqasını təmsil edir. Bu qələbə “Sabah”ın növbəti mərhələyə yüksəlmək şansından əlavə, turnirdə daha yüksək yerlər uğrunda mübarizə aparmaq potensialına malik olduğunu göstərirmi?
– “Sabah” ciddi komandadır. Düşünürəm ki, biz hər oyuna ciddi yanaşırıq. Mövsümün əvvəlində müəyyən çatışmazlıqlarımız var idi. Lakin potensialımızı bilirik. Rəqib yaxşı komandadır, amma biz də eləyik. Birliyimizi qoruyub saxlasaq, yaxşı nəticələr əldə etməyə davam edə bilərik.
Bahar RÜSTƏM



No Comment! Be the first one.