Murad Musayev tənqidçilərinə sərt cavab verdi: “Hansısa təlxək mənim qovulmağımı istəyirdi”
“Krasnodar”ın baş məşqçisi Murad Musayev komandasının uğursuz nəticələrini arzulayan şəxslərə sərt münasibət bildirib.
Sportify.az championat.com-a istinadən xəbər verir ki, rusiyalı mütəxəssis Rusiya Premyer Liqasının 14-cü turunda SSKA-nı 4:2 hesabı ilə məğlub etdikləri matçdan sonra keçirilən mətbuat konfransında bu barədə danışıb.
O, çətin günlərdə həm komandaya dəstək olanları, həm də uğursuzluq arzulayanları tanıdıqlarını deyib:
“Belə həyatımız var, məşqçilərin həyatı belədir. Çətin dövr idi. Amma məhz belə vaxtlarda komandanın daxilində və ətrafında kimin kim olduğunu görürsən. Sadiq azarkeşlərimizin bizdən üz döndərmədiyini və bu gün qələbəmizə böyük töhfə verdiyini gördük.
Pis insanların da kim olduğunu gördük. Məsələn, hansısa təlxək – keçmiş futbolçu var ki, yalnız bizim məğlubiyyətlərimizlə yaşayır. Bizim uduzmağımızı, mənim istefaya göndərilməyimi istəyirdi. Bu, onun üçün bal kimidir. Belə çətin vaxtlarda üzə çıxan yazıq insanlardır. Amma bizi hər şeyə baxmayaraq dəstəkləyən yaxşı insanların da olduğunu gördük.
Hələ heç nə bitməyib. Bu, sadəcə bir qələbədir. Qarşıda bizi çətin yol gözləyir. Amma bu gün sevinirik”.
Qeyd edək ki, “Krasnodar” SSKA üzərində qələbə ilə 7 oyunluq qələbəsiz seriyasına son qoyub. Komanda 26 xalla Rusiya Premyer Liqasının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Eyni xala malik SSKA isə 4-cüdür.
Xatırladaq ki, Murad Musayev 2021-2024-cü illərdə “Sabah”ın baş məşqçisi olub. Onun rəhbərliyi altında Bakı təmsilçisi 2022/23 mövsümündə Azərbaycan çempionatının gümüş medalını qazanıb.



No Comment! Be the first one.