Lazar Spasiç: Bütün ölkə bizim qələbəmizlə fəxr edə bilər
FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə “Sabah” basketbol komandası Bakıda Türkiyənin “Trabzonspor” kollektivini 91:72 hesabı ilə məğlub edib.
Sportify.az xəbər verir ki, matçdan sonra “Sabah”ın baş məşqçisi Lazar Spasiç matçla bağlı fikirlərini bölüşüb:
– Əvvəlcə Azərbaycan xalqını təbrik etmək istəyirəm. Bu gün çox əlamətdar gündür – Zəfər Günüdür. Ümid edirəm ki, bu qələbəmiz həmin günü hər kəs üçün daha da gözəlləşdirəcək. Bütün ölkənin bizimlə fəxr etməsini istəyirəm. Çünki bu gün çox ciddi komandaya qarşı yaxşı çıxış etdik.“Sabah”ı dəstəkləyən və basketbolu sevən hər kəsin bizimlə fəxr etməyə haqqı var. Düşünürəm ki, çox böyük iş gördük. Bu, təkcə bugünkü qələbə ilə bağlı deyil. “Trabzonspor”la iki oyunun ümumi nəticəsində də üstünlük əldə etdik. Basketbolçularımı, məşqçilər korpusunu, klub rəhbərliyini, ofis əməkdaşlarını və tibbi heyəti təbrik edirəm. Onların hər biri böyük iş gördü. Bu, bizim üçün inanılmaz qələbədir.
– “Trabzonspor”u bu qədər ətraflı təhlil etmək üçün nə qədər vaxt sərf etdiniz? Oyunu izləyərkən hiss olunurdu ki, rəqibin hər detalını araşdırmısınız və bu da qələbəyə gətirib çıxardı.
– İlk oyun bizim üçün çox vacib idi. “Naxçıvan”la qarşılaşmadan sonra bir çox dəyişiklik etdik. Komanda olaraq bir-birimizi daha yaxşı anlamağa başladıq. Hər bir komanda çətin dövrdən keçməlidir. Biz də əvvəllər belə vəziyyətlə üzləşmişik. Lakin bundan sonra birlikdə inkişaf edirik.Mənim üçün, klubumuz və məşqçi kimi özüm üçün komandada düzgün insanları seçmək çox vacibdir. Həmin insanlar komanda naminə özlərini qurban verməyə hazır olmalıdırlar.Ümid edirəm ki, bu gün və əvvəlki bir neçə oyunda göstərdiyimiz kimi, komanda olaraq inkişaf edirik. Oyunları gün ərzində deyil, daha çox gecələr təhlil edirik. Çünki gün ərzində bunun üçün kifayət qədər vaxtımız olmur.Bir daha məşqçilər korpusunu təbrik edirəm. Onlar çox böyük iş gördülər.
– Orxandan başqa digər azərbaycanlı basketbolçulardan bu oyunda əsasən istifadə etmədiniz. Bu məsələyə münasibətiniz necədir?
– Yerli basketbolçularla bağlı sonuncu dəfə danışanda fikirlərim tamamilə yanlış tərcümə olunmuşdu. Buna görə də bu məsələni şərh etmək istəmirəm.
– Cerri Bleyks Hesab 42:40 olarkən o, meydana daxil oldu. Sizcə, Bleyksin oyuna qoşulması qarşılaşmanın dönüş nöqtəsi oldumu?
– Bu, təkcə Cerri ilə bağlı məsələ deyil. Ancaq o, bu gün komandamızın lideri idi. Düşünürəm ki, “Sabah”a gəldikdən sonra ən yaxşı oyununu keçirdi. Xüsusilə onun üçün təbii olmayan mövqedə – pleymeyker kimi komandaya rəhbərlik etməsi diqqətəlayiq idi. O, heç vaxt narazılıq etmədi. Bəlkə də ilk hissədə daha çox oynamağa layiq idi. Lakin bundan şikayətlənmədi, meydana çıxıb öz basketbolunu oynadı. Bizə çox kömək etdi. Mən təkcə Cerri ilə bağlı deyil, bütün oyunçularımın çıxışından razıyam. Amma onun bu gün pleymeyker mövqeyində özünü necə göstərməsinə xüsusilə sevindim.
– “Trabzonspor”un baş məşqçisi Selçuk Ernak istefa verdi. Növbəti istefa “Ritas”da olacaq?
– Bu barədə danışmaq istəmirəm. Mən də basketbol sahəsinin bir parçasıyam. Hər hansı baş məşqçinin, xüsusilə də iştirak etdiyim oyundan sonra vəzifəsindən ayrılması məni sevindirmir. Sercan Ernakı hörmət etdiyim və çox yaxşı məşqçi hesab etdiyim üçün bu mövzuda danışmaq istəmirəm.
Bahar RÜSTƏM



No Comment! Be the first one.