Canni İnfantino ABŞ Konqresində ifadə verməyə çağırıla bilər
FIFA prezidenti Canni İnfantino təşkilatın ABŞ prezidenti Donald Trampla əlaqələrinə dair araşdırma çərçivəsində ifadə vermək üçün ABŞ Konqresinə çağırıla bilər.
Sportify.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, İnfantinoya rəsmi çağırış vərəqəsi 2027-ci ilin yanvarında göndərilə bilər. Araşdırmaya Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Ceymi Raskin başlayıb. O, FIFA rəhbərliyinin Trampla administrasiyası arasındakı münasibətləri araşdırır.
İyul ayında Raskin FIFA-dan ABŞ prezidenti, onun ailə üzvləri və şirkətləri ilə təmaslara dair sənədləri, həmçinin mümkün ödənişlər və hədiyyələrlə bağlı məlumatları təqdim etməyi tələb edib. Konqresmen, eyni zamanda, İnfantinonu ifadə verməyə dəvət edib. Lakin avqustun 9-da başa çatan son müddətədək tələb olunan sənədlər təqdim olunmayıb.
Araşdırmanın diqqət mərkəzində olan məsələlərdən biri FIFA-nın dünya çempionatlarının kommersiya hüquqlarının idarə edilməsinə özəl investorları cəlb etməyi nəzərdə tutan “FIFA Forward Enterprise” layihəsidir. Potensial tərəfdaşlar arasında Donald Trampın kürəkəni Cared Kuşnerin qardaşı Coşua Kuşnerə məxsus şirkət də olub. Futbol konfederasiyalarının etirazlarından sonra FIFA avqust ayında layihədən imtina edib.
Qeyd edək ki, UEFA da daha əvvəl FIFA-dan bu layihə ilə bağlı sənədləri açıqlamağı tələb edib. Avropa futbol qurumu sövdələşmənin hazırlanması zamanı mümkün pozuntularla əlaqədar İsveçrədə şikayət vermək imkanını nəzərdən keçirir.



No Comment! Be the first one.