Selçuk Ernak: Çətin günlər əbədi davam etməyəcək
FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə “Sabah” basketbol komandası Bakıda Türkiyənin “Trabzonspor” kollektivini 91:72 hesabı ilə məğlub edib.
Sportify.az xəbər verir ki, matçdan sonra “Trabzonspor”un baş məşqçisi Selçuk Ernak matçla bağlı fikirlərini bölüşüb:
– İlk növbədə, “Sabah”ı təbrik edirəm. Onlar təkcə bu oyunda deyil, bundan əvvəlki qarşılaşmada da yaxşı çıxış etdilər. “Sabah” bu qrupun iddialı komandalarından biri olduğunu göstərdi. Onların bu oyuna ciddi hazırlaşacağını bilirdik. Markusun da qeyd etdiyi kimi, hazırda mental baxımdan diqqətimizi toplamaqda çətinlik çəkirik. Bundan başqa, heyət baxımından da problemlərimiz var. Oyunun böyük hissəsində rəqibə tempi idarə etmək imkanı verdik və özümüz daha çox onların oyununu izləyən tərəf olduq. Geri dönüş etməyə çalışanda isə onlar buna cavab tapırdılar. Qarşılaşmanın ümumi mənzərəsi belə oldu. Bir daha “Sabah”ı təbrik edirəm. Markusa da qatılıram, bizim üçün çətin anlardır, çətin günlərdir. Amma çətin günlər əbədi davam etməyəcək.
– Türkiyədə keçirilən ilk oyunla müqayisədə bu dəfə nə dəyişmişdi? Nəyə görə əvvəlki nəticəni təkrarlaya bilmədiniz?
– İlk növbədə, ilk oyunda meydana çıxardığımız heyət bir qədər fərqli idi. Həmin qarşılaşmada əsas oyunçularımızdan bəziləri iştirak edirdi və yaxşı çıxış etmişdilər. İkinci məqam isə oyunun əvvəlində “Sabah”ın ilk qarşılaşmada tətbiq etdiyi pik-end-roll müdafiəsini seçməsi idi. Düşünürəm ki, bu, bizim üçün ciddi problem deyildi. Lakin müdafiə sistemini dəyişdikdən sonra çətinliklərlə üzləşdik. Bunun baş verəcəyini gözləyirdik və müəyyən planımız da var idi. Ancaq həmin planı lazımi səviyyədə həyata keçirə bilmədik. Beləliklə, oyuna nəzarəti itirdik. Rəqib yaxşı müdafiə olunanda sürətli hücumlar və keçid hücumları ilə üstünlük qazandı. Bir məqamı da öz tərəfimdən qeyd etmək istəyirəm. Buraya gələrkən Atatürk parkını gördük. Parkda həm Azərbaycan, həm də Türkiyə Cümhuriyyətinin bayraqları dalğalanırdı. Türkiyə bayrağı, təbii ki, 10 Noyabr münasibətilə yarıya endirilmişdi. 10 Noyabr bizim üçün çox özəl gündür. Həm Atatürkü yad edirik, həm də onun bizə nə miras qoyduğunu və bu yolun necə davam etdirilməli olduğunu xatırlayırıq. 1938-ci ildən bu günə qədər Atatürk aramızda olmasa da, hər gün onun yolunda irəliləmək üçün bir-birimizə bunu xatırladırıq. Azərbaycanın da qardaş respublika kimi bu dəyərlərə sahib çıxması, türk dünyasının böyük şəxsiyyətlərindən və nümunəvi insanlarından birinə hörmət göstərməsi bizim üçün çox özəldir. Öz adımdan və klubum adından buna görə çox təşəkkür edirəm.
Bahar RÜSTƏM



No Comment! Be the first one.