Futzal millimizin baş məşqçisi Elvin Quliyev Lənkəranda Çexiya millisi ilə 2:2 hesablı heç-heçə etdikləri dünya çempionatının seçmə mərhələsi matçından sonra mətbuat konfransı keçirib.
Sportify.az xəbər verir ki, 41 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
– Biz plan qurmuşduq və həmin plan özünü doğrultdu. Oyun istədiyimiz kimi getdi və ilk hissədə rəqib qapısına qol vurduq. İkinci hissənin əvvəlində isə həmişəki kimi ilk 4-5 dəqiqə bizim üçün çətin keçdi. Bununla bağlı da planımız var idi. Lakin texniki səhvlərə yol verdik və planı istədiyimiz kimi həyata keçirə bilmədik. Daha sonra oyunun sonunadək təzyiqi qorumağa və müəyyən risklərə getməyə çalışdıq. Belə də oldu. Sonuncu riskimizin nəticəsində rəqib qapısına qol vurduq.
– Növbəti oyunlarda uğurlar arzulayıram. Özünüz də qeyd etdiniz ki, ikinci hissənin əvvəlində ilk 4-5 dəqiqə bəzən komandanız üçün çətin keçir. Bunun səbəbi nədir? Konsentrasiya çatışmazlığı, yorğunluq, yoxsa fasilədən sonra oyuna köklənməkdə çətinlik çəkirsiniz?
– Məncə, bu, təcrübəsizliklə bağlıdır. Oyun təcrübəmiz və praktikamız artdıqca belə vəziyyətlərə də öyrəşəcəyik. Fikrimcə, bu, sırf təcrübədən irəli gəlir. İkinci hissənin əvvəlində verilən tapşırığı istədiyimiz kimi yerinə yetirə bilmədik. Rəqibin standart vəziyyətlərdən yararlanmasını istəmirdik. Mümkün qədər topu özümüzdə saxlamağa və rəqibin qapımızdan uzaqda oynamasına çalışırdıq. Lakin bu, istədiyimiz kimi alınmadı və rəqib iki standart vəziyyətdən istifadə edərək hesabı bərabərləşdirdi.
– Birinci hissədə daha çox qol şansı yaratdınız və rəqibə imkan vermədiniz. İkinci hissədə isə oyun xeyli azaldı, top bəzən cəmi bir-iki dəqiqə oyunda qalırdı. Bunun səbəbi təcrübəsizlik idi, yoxsa başqa amillər? İlk qolda rəqibin səhvi də var idi…
– Bilirsiniz, biz istəyirik ki, komandamız inkişaf etsin, gənc futbolçularımız təcrübə qazansın. Buna görə də çalışırıq ki, gənclərə oyunlarda maksimum vaxt verək. Onlar səhv etdikdən sonra da həmin futbolçuları dərhal əvəzləmirik. İstəmirik ki, oyunçu bunu cəza kimi qəbul etsin. Əksinə, ona yenidən özünü göstərmək imkanı yaradırıq. Başqa cür mümkün deyil. Gənclər bu cür səhvlər edə-edə öyrənəcəklər. İnkişafımız da məhz bundan keçir.
– Üç gün sonra Bakıda oynayacaqsınız. Bu qarşılaşmada hansı səhvləri gördünüz və növbəti oyunda onların təkrarlanmaması üçün nələrə diqqət yetirəcəksiniz? Latviyaya qarşı matçdan gözləntiləriniz nələrdir?
– Təbii ki, oyunun təhlilini aparacağıq. Bundan əvvəl də bir neçə qarşılaşmanı təhlil etmişik. Lakin Latviya ilə oyun tamamilə fərqli olacaq və başqa taktika ilə meydana çıxacağıq. Çexiya matçına da tamamilə fərqli hazırlaşmışdıq. Səhvlərimiz var, amma düşünürəm ki, qısa müddətdə formalaşmış milli komanda olaraq getdikcə bu səhvləri azalda bilmişik. Bu da bizi sevindirir. Futbolçulara da deyirdik ki, hər şey yaxşıya doğru gedir. Sadəcə, nəticə lazımdır ki, uşaqlar özlərinə inansınlar və komandada işlərin həqiqətən də müsbət istiqamətdə getdiyini görsünlər. Həmin oyunda qələbə qazanmaq üçün milli komandada mövcud olan bütün imkanlardan, taktiki planlardan və məşq prosesindən istifadə etdik. Düşünürəm ki, gənc və yeni futbolçular komandaya qoşulduqca, kollektivə uyğunlaşdıqca daha yaxşı çıxış edəcəyik.
– Oyunun Lənkəranda keçirilməsinin sizin üçün hansı müsbət tərəfləri oldu?
– Oyunun Lənkəranda keçirilməsi bizim üçün bir ilk idi və bu, sevindirici haldır. Buradakı mühit və yaradılan şərait həqiqətən çox yaxşı idi. Futbolçular da onlara göstərilən marağı hiss edirdilər. Meydanda azarkeşləri də gördünüz. Düşünürəm ki, belə oyunlar davamlı keçirilsə, daha yaxşı olar. Bu, həm də futzalın inkişafı və kütləviləşməsi baxımından əhəmiyyətlidir. Regionlarda yaşayan insanlar da futzalın mövcud olduğunu, bu idman növü ilə məşğul olmağın mümkünlüyünü bilməlidirlər. Futbolda istədiyinə nail ola bilməyənlər futzala yönələ bilərlər. Məncə, bu, çox müsbət təşəbbüsdür. Gördüyünüz kimi, hər şey də çox yaxşı alındı.
Bahar RÜSTƏM



No Comment! Be the first one.