İnfantinonun Bakıdakı müsahibəsindən sonra yeni QALMAQAL
FIFA prezidenti Canni İnfantinonun ABŞ-dəki vergi öhdəliklərinin FIFA tərəfindən ödənildiyi üzə çıxıb.
Sportify.az “The New York Times” nəşrinə istinadən xəbər verir ki, bu razılaşma ali futbol qurumuna üç il ərzində təxminən 4 milyon dollara başa gələcək.
Araşdırmaya əsasən, İnfantino 2026-cı il dünya çempionatına hazırlıq işləri ilə əlaqədar İsveçrədən ABŞ-nin Mayami şəhərinə köçdükdən sonra onun okeanın o tayındakı ölkədə vergi öhdəliklərinin tamamilə FIFA tərəfindən qarşılanması qərara alınıb.
Bu məsələ 2024-cü ilin mayında Tailandın paytaxtı Banqkokda keçirilmiş FIFA-nın rəhbər şəxslərinin əməkhaqqı və müavinətlərini müəyyənləşdirən üçnəfərlik komitənin iclasında müzakirə olunub. Komitənin üzvü, isveçrəli mühasib Bruno Çiomento İnfantinonun ABŞ-də daha yüksək vergi ödəməli olacağını əsas gətirərək həmin xərclərin FIFA tərəfindən qarşılanmasını təklif edib. Digər üzvlər də təkliflə razılaşıblar.
Nəticədə FIFA 2024, 2025 və 2026-cı illər üzrə İnfantinonun ABŞ-dəki vergi ödənişlərinin 100 faizini öz üzərinə götürüb. Bu məbləğin ümumilikdə 4 milyon dollara çatacağı gözlənilir. Halbuki FIFA-nın illik hesabatına əsasən, qurum prezidentinin illik əməkhaqqı təxminən 6 milyon dollardır.
Araşdırmanın diqqətçəkən məqamlarından biri də bu güzəştin FIFA-nın rəsmi maliyyə hesabatlarında açıqlanmamasıdır. Qurumun bəzi əməkdaşlarının da belə ödənişin rəhbərliyin gəlirləri ilə bağlı şəffaflıq prinsiplərinə uyğunluğu barədə narahatlıqlarını ifadə etdikləri bildirilir.

İnfantinonun digər maliyyə güzəştləri də üzə çıxıb
“The New York Times”ın araşdırmasında FIFA prezidentinə yaradılan digər imtiyazlardan da bəhs olunur.
Məlumata görə, FIFA İnfantinonun Mayamidə yaşadığı evin icarəsinə ildə təxminən 600 min dollar ödəyib. Bundan başqa, onun İsveçrədə və Fransanın paytaxtı Parisdə yaşayış xərcləri də qurum tərəfindən qarşılanıb.
2025-ci ildə İnfantinonun gündəlik və şəxsi xərclərinin idarə olunması üçün FIFA-nın ayrıca bank hesabı açması məsələsi də gündəmə gəlib. Sənədlərə əsasən, bu hesab vasitəsilə onun övladlarının universitet təhsilinə, vergi məsləhətçilərinin xidmətlərinə, yaşayış və nəqliyyat xərclərinə vəsait ayrılması nəzərdə tutulub.
Lakin FIFA administrasiyasında bu təşəbbüsün idarəçilik və audit baxımından problemlər yarada biləcəyi ilə bağlı etirazlar olub. Sonradan bu modeldən imtina edilərək İnfantinonun gündəlik xərclərini qarşılamaq üçün ona ildə əlavə 1 milyon dollar ödənilməsi variantının seçildiyi bildirilir.
FIFA isə açıqlamasında bütün daxili prosedurlara və qanunvericiliyin tələblərinə əməl olunduğunu, rəhbərliyin ödənişlərinin müstəqil auditdən keçirildiyini bəyan edib.

Bakıdakı müsahibəsindən sonra yeni qalmaqal
Məlumatların yayılması İnfantinonun 2027-ci ildə keçiriləcək FIFA prezident seçkilərində yenidən namizəd olmaq niyyətini açıqladığı dövrə təsadüf edib. Seçkilər martın 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək.
Qeyd edək ki, FIFA prezidenti daha əvvəl Bakıda BBC-yə müsahibə verib. Həmin söhbətdə o, quruma rəhbərliyi ilə bağlı tənqidlərə münasibət bildirib, futbol ictimaiyyəti ilə dialoqun gücləndirilməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı, istefasını tələb edən çağırışları qəbul etməyib və futbol ictimaiyyətinin əksəriyyətinin dəstəyinə malik olduğunu bildirib.

UEFA ilə FIFA arasında qarşıdurma
Son dövrlər FIFA ilə UEFA arasında da ciddi fikir ayrılıqları yaşanır. Gərginliyin əsas səbəblərindən biri FIFA-nın “FIFA Forward Enterprise” (FFE) adlı layihəsidir. Bu təşəbbüs qlobal futbol turnirlərinin kommersiya hüquqlarının satışına özəl investorların cəlb edilməsini nəzərdə tuturdu.
Britaniyanın “The Times” nəşrinin layihə barədə məlumat yaymasından sonra planın dayandırıldığı bildirilir. UEFA isə FIFA-dan layihənin idarəçilik mexanizmləri və mümkün maliyyə maraqları ilə bağlı izahat tələb edib.
Avropa futbol qurumu FIFA-ya 42 sualdan ibarət sorğu göndərib, həmçinin ABŞ məhkəmələrində hüquqi müstəvidə addımlar atıb. UEFA-nın 2027-ci il prezident seçkilərində alternativ namizəd irəli sürmək imkanını da nəzərdən keçirdiyi bildirilir.

Dünya çempionatının gəlirləri və federasiyalara ayrılacaq vəsait
Araşdırmada FIFA-nın maliyyə göstəricilərinə və 2026-cı il dünya çempionatından əldə olunan gəlirlərə də toxunulub.
“The Times” qəzetinin məlumatına görə, ABŞ, Meksika və Kanadada keçirilmiş dünya çempionatının bilet satışları və korporativ xidmətlərindən təxminən 4,5 milyard avro gəlir əldə olunub. Bu rəqəm Qətərdə keçirilmiş 2022-ci il dünya çempionatından əldə olunan 834 milyon avro ilə müqayisədə əhəmiyyətli artımdır.
FIFA turnirdən əldə olunan gəlirlərin futbolun qlobal inkişafına yönəldiləcəyini bildirib. Qurumun 2027–2030-cu illər üçün planına əsasən, 211 üzv federasiyaya inkişaf proqramları çərçivəsində ümumilikdə təxminən 5,7 milyard avro vəsait ayrılması nəzərdə tutulur.
Beləliklə, İnfantinonun vergi ödənişləri, şəxsi xərcləri və digər maliyyə imtiyazları ilə bağlı üzə çıxan məlumatlar FIFA-nın şəffaflıq və idarəçilik prinsipləri ətrafında yeni müzakirələrə səbəb olub.



No Comment! Be the first one.