Portuqaliyalı legioner: Azərbaycanı və buradakı mühiti bəyənirəm - MÜSAHİBƏ
“Şamaxı”nın portuqaliyalı sol cinah müdafiəçisi Joao Oliveyra Jotanın “Neftçi”yə evdə 2:3 hesabı ilə məğlub olduqları Misli Premyer Liqasının X tur matçından sonra Sportify.az-a müsahibəsi:
– Oyun haqqında fikirləriniz necədir?
– İlk növbədə, qeyd etmək istəyirəm ki, həqiqətən də çox yaxşı oyun oldu. “Neftçi” bir neçə dəfə hesabda önə keçdi, lakin biz dərhal reaksiya verərək hesabı bərabərləşdirməyə çalışdıq. Rəqib qapıçının da bir neçə yaxşı seyvi oldu. Biz sona qədər mübarizə apardıq və oyundan ən azı bir xalla ayrılmaq istəyirdik. Təəssüf ki, bu, alınmadı. Amma dediyim kimi, qarşılaşma həqiqətən də çox yaxşı keçdi. Biz yaxşı kollektivik və ümid edirəm ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edərək xallar qazanacağıq.
– Qarşıda sizi çətin oyunlar gözləyir. Növbəti rəqibiniz də “Sabah”dır. Təqvimin sıx və rəqiblərin iddialı olduğunu nəzərə alsaq, qarşıdakı oyunlardan nə gözləyirsiniz?
– “Sabah” həqiqətən də yaxşı komandadır. “Neftçi” də çox güclü kollektivdir. Biz hər oyuna ayrıca yanaşırıq. Növbəti qarşılaşmanın çətin olacağını bilirik, amma düşünürəm ki, hər gün inkişaf edirik. Meydana hər zaman qələbə qazanmaq məqsədilə çıxırıq. Rəqibin böyük klub olması bizim mentalitetimizi dəyişmir. “Neftçi” ilə oyunda da qələbə üçün mübarizə apardıq, “Sabah”la görüşdə də eyni məqsədlə meydana çıxacağıq.
– Komandanızda çoxlu portuqaliyalı futbolçu var. Bu amil komanda daxilində anlaşmaya və uyğunlaşma prosesinə nə dərəcədə kömək edir?
– Təbii ki, komandada çoxlu portuqaliyalı futbolçunun olması uyğunlaşma prosesini xeyli asanlaşdırır. Bir-birimizlə rahat ünsiyyət qurur, meydanda bir-birimizi daha yaxşı başa düşür və qarşılıqlı şəkildə kömək edirik. Eyni zamanda, Azərbaycana uyğunlaşma prosesim də çox yaxşı keçir. Burada futbola və bizə münasibət çox müsbətdir. Azərbaycanı və burada futbol mühitini bəyənirəm. Portuqaliyalı futbolçuların komandada çox olması həm meydanda, həm də gündəlik həyatda uyğunlaşmağımıza kömək edir. Buna görə də burada olduğum üçün çox xoşbəxtəm.
Elşən MƏMMƏDOV


No Comment! Be the first one.