"Konyaspor" - Fələstin matçı sona 1 saniyə qalmış dayandırıldı
Türkiyənin “Konyaspor” komandası ilə Fələstin millisi arasında Konya Böyükşəhər Bələdiyyə Stadionunda keçirilən dostluq görüşü 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Sportify.az xəbər verir ki, qarşılaşmada “Konyaspor”un qollarını 2-ci dəqiqədə Melih İbrahimoğlu və 28-ci dəqiqədə Mustafa Məhəmməd vurub.
Fələstin yığmasının heyətində isə Mohammad Sanduqa 12-ci və 25-ci dəqiqələrdə fərqlənərək dubl edib.
Görüş “İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı” statusunu daşıyan Konyada keçirilib. Yerli azarkeşlər “Evimiz evinizdir” şüarı ilə stadionu doldurublar.
Qarşılaşmadan əvvəl “Konyaspor” azarkeşləri tribunada “Uşaqlar yatarkən səssiz olunur, ölərkən yox” yazılı koreoqrafiya nümayiş etdiriblər. Stadiondakı reklam lövhələrində isə Qəzza və Fələstinlə bağlı müxtəlif mesajlar yerləşdirilib.
Matçın 10-cu dəqiqə 14-cü saniyəsində İsrailin hücumları nəticəsində həlak olduğu bildirilən Fələstin idman ictimaiyyətinin üzvlərinin xatirəsi yad edilib. Bu zaman stadionun işıqları söndürülüb, meydana konfeti və oyuncaqlar atılıb.
Qarşılaşmanın diqqətçəkən məqamlarından biri isə matçın 90 dəqiqə tamamlanmadan başa çatdırılması olub. Görüş 89-cu dəqiqə 59-cu saniyədə “Fələstin azad olana qədər təxirə salınmışdır” ifadəsi ilə dayandırılıb.
Oyundan sonra Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak, Konya valisi İbrahim Akın, Konya Böyükşəhər Bələdiyyəsinin sədri Uğur İbrahim Altay və digər rəsmilər Fələstin millisinin futbolçularına gül təqdim ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da sosial media hesabında qarşılaşma ilə bağlı paylaşım edib. O, oyunu Türkiyə ilə Fələstin arasındakı həmrəyliyin nümunəsi kimi qiymətləndirib və Konya azarkeşlərinə təşəkkür edib.
Ərdoğan paylaşımında Türkiyənin Fələstin və Qəzza ilə həmrəyliyini davam etdirəcəyini, Fələstin məsələsində beynəlxalq müstəvidə onların hüquqlarını müdafiə etməyə davam edəcəyini bildirib.



No Comment! Be the first one.