Millimizdə 4 yeni ad – Krivotsyuk və Xaybulayev əfv edildi
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov 4 yeni futbolçuya dəvət göndərib.
Sportify.az xəbər verir ki, 45 yaşlı mütəxəssis qapıçı mövqeyində Emil Balayev və Aydın Bayramovla yanaşı, “Sabah”ın qapıçısı Rəvan Mirzəmmədovu da yoxlamağı lazım bilib.
Mirzəmmədov Misli Premyer Liqasında V turun “Şəfa” ilə səfər matçında qapısını toxunulmaz saxlayıb, komandası isə böyük hesabla qalib gəlib – 3:0.
Abbasov “Şamaxı”nın yarımmüdafiəçiləri Edqar Adilxanov və Oruc Məmmədovu ilk dəfə əsas millinin sıralarına cəlb edib.
Eyni zamanda “Şəfa”nın orta sahə oyunçusu Fərid Yusifli də 30 nəfərlik siyahıda yer alıb.
Bundan başqa, iyunun 5-də Malta ilə yoldaşlıq görüşü zamanı dalaşdıqları üçün millidən kənarlaşdırılmış Anton Krivotsyuk və Abdulax Xaybulayev əfv olunub. Hər iki oyunçu artıq çağırışçılar sırasındadır.
Qeyd edək ki, Azərbaycan milli komandası yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də saat 20:00-da 8-ci km qəsəbə stadionunda Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsində isə sentyabrın 27-də saat 17:00-da “Darius and Girėnas” stadionunda Litva, oktyabrın 1-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyn, həmçinin oktyabrın 4-də saat 17:00-da 8-ci km stadionunda Litva yığması ilə qarşılaşacaq.



No Comment! Be the first one.