Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycan cüdoçusu İbrahim Talıbov (55 kq) Vətənə qayıdıb.
Sportify.az-ın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında təşkil olunan qarşılanma mərasimində Milli Olimpiya Komitəsinin, Azərbaycan Cüdo Federasiyasının əməkdaşları, məşqçilər, media və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Jurnalistlərə açıqlama verən Talıbov sözünü yerinə yetirdiyini bildirib: “Müəllimlərimə və ailəmə çempion olacağıma söz vermişdim. Sözümə əməl etdim, bayrağımızı yüksəklərə qaldırdım”.
Yeniyetmə idmançı qeyd edib ki, yarışa yüksək səviyyədə hazırlaşaraq, qarşıya qoyduğu məqsədə çatmaq üçün əzmlə çalışıb: “Yarışdan əvvəl yaxşı hazırlıq keçmişdik. Özümə inanırdım və çempion olacağıma əmin idim. Keçirdiyim görüşlər arasında final qarşılaşması digərlərinə nisbətən bir qədər çətin oldu. Ancaq sona qədər mübarizə apararaq qələbə qazandım. Gələcəkdə əsas hədəfim böyüklər arasında da Olimpiya çempionu olmaqdır”.

Yeniyetmə oğlanlardan ibarət milli komandanın baş məşqçisi Emin İskəndərov Azərbaycana Yeniyetmələrin Yay Olimpiya Oyunların növbəti medalını gətirdikləri üçün çox sevindiyini söyləyib.
O qeyd edib ki, Buenos-Ayresdə keçirilən 2018-ci il Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Vüqar Talıbovun qazandığı çempionluqdan səkkiz il sonra bu uğuru İbrahim Talıbovun təkrarlaması Azərbaycan idmanı üçün sevindirici hadisədir: “Hamınızı təbrik edirəm. Həqiqətən də, bu, çox sevindirici haldır. 2018-ci ildə Buenos-Ayresdə yeniyetmələr arasında sonuncu Olimpiya çempionumuz Vüqar Talıbov olmuşdu. Səkkiz il keçdikdən sonra eyni soyadlı idmançı, İbrahim Talıbov həmin tarixi qələbəni təkrarladı. Yeniyetmələrin Olimpiya Oyunları böyük idman bayramıdır. Bu, yarış idmançıların inkişafı üçün olduqca əhəmiyyətlidir. İnanıram ki, İbrahim bundan sonra da böyük uğurlar qazanacaq”.
“Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında cüdoçumuzun qızıl medal qazanması sevindirici haldır”.
Bu sözləri isə cüdo üzrə yeniyetmə oğlanlardan ibarət milli komandanın məşqçisi Nicat Şıxəlizadə deyib. O qeyd edib ki, İbrahim Talıbovun qızıl medal qazanacağına yarışdan əvvəl də inanırdılar və idmançı göstərdiyi nəticə ilə ona bəslənilən ümidləri doğruldub: “Əlbəttə, Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında cüdoçumuzun qızıl medal qazanması sevindirici haldır. Yarışdan əvvəl də bu idmançıdan qızıl medal gözləyirdik. Nəhayət, o, verdiyi sözə əməl etdi. Milli komandanın məşqçisi kimi mən də bu uğura çox sevinirəm. İnanıram ki, bu nailiyyət gənclər və böyüklər arasında da davam edəcək”.

Məşqçi komandanın hazırlıq prosesinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. O, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə bir neçə təlim-məşq toplanışında iştirak etdiklərini bildirib: “Hazırlığımız yüksək səviyyədə keçmişdi. Bu hazırlığın nəticəsində idmançımız Yeniyetmələr arasında Olimpiya çempionu titulunu qazandı. Bir müddət istirahət etdikdən sonra İbrahim, yəqin ki, gənclər arasında ölkə çempionatında iştirak edəcək. Daha sonra bir neçə yarışda qüvvəsini sınayaraq bu yaş kateqoriyasında da öz sözünü deməyə çalışacaq”.
Qeyd edək ki, İbrahim Talıbov Dakar-2026-da Azərbaycanın indiyədək qazandığı yeganə medalın müəllifidir. Noyabrın 13-dək davam edəcək Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur.





No Comment! Be the first one.