Yuri Vernidub: Sanki oksigenimiz çatmırdı
“Məncə, bu gün heç də pis oyun olmadı. Çox intensiv bir oyun idi. Həm hücumda, həm də müdafiədə çoxlu dəyişik fazalar var idi”.
Sportify.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidub səfərdə “Şamaxı”ya 3:2 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının X tur matçından sonra mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb: “Bilirdik ki, “Şamaxı” heç də asan komanda deyil. Ona görə də bu gün elə olduqları yerdədirlər. Biz ona görə də yaxşı anlayırdıq ki, 3 xalı qazanmaqdan ötrü çox şey etməliyik. İlk 5-7 dəqiqə ərzində rəqib çox ciddi hücumlar qurdu və heç də pis fürsətləri yox idi. Ondan sonra biz toparlandıq və standart vəziyyətdən qol vurduq. Amma buna baxmayaraq, qol buraxdıq. Fasiləyə heç-heçə ilə yollandıq”.
Vernidub ikinci hissədə nəticəni öz xeyirlərinə dəyişmələrini belə əsaslandırıb: “Fasilədə uşaqlara dedim ki, intensivliyi və təzyiqi artırmaq lazımdır, biz heç bir halda burada xal itirə bilmərik. Görünən odur ki, uşaqlar bunu başa düşdülər və ikinci hissə xoşuma gəldi. Ondan sonra “Şamaxı”nın elə də fürsətləri olmadı. Amma buna baxmayaraq ikinci qolu da vurdular. Daha sonra dəyişikliklər etdik və xeyrimizə oldu. Nəticədə 3-cü qolu vurduq”.
“Neftçi”nin baş məşqçisi Şamaxıda oynamağın çətinliyini də vurğulayıb: “Orta dağlıq ərazidir. Uşaqlar da deyirdilər ki, sanki oksigenimiz çatmır. Amma, bu, normal haldır. Əsas odur ki, qalib gəldik və irəlidə davam edirik. Fanatlarımıza da təşəkkür edirəm ki, bizi yaxşı dəstəklədilər. Onlara təşəkkür edir və qarşılarında baş əyirəm. Belə fanatlar olduqca oyun da daha yaxşı alınacaq”.
Qeyd edək ki, “Neftçi” bu qələbə sayəsində xalını 21-ə çatdıraraq, liderliyə yüksəlib.


No Comment! Be the first one.