Kompanidən şad xəbər
Almaniya klubu “Bavariya”nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra Münhen klubunun məşq bazasına qayıdıb.
Sportify.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
40 yaşlı belçikalı mütəxəssis oktyabrın 23-də “Bavariya”nın əvəzedici komandasının məşqini izləyərkən huşunu itirib və xəstəxanaya yerləşdirilib. Müayinələrdən sonra həkimlər ona meningeal sindrom diaqnozu qoyublar. Bildirilir ki, Kompani bundan əvvəl virus infeksiyası keçirib, lakin özünü yaxşı hiss etməməsinə baxmayaraq, işləməyə davam edib.
Daha sonra xəstəxanadan evə buraxılan məşqçi bərpa prosesini evdə davam etdirib. Bu gün isə o, xəstəxanaya yerləşdirildikdən sonra ilk dəfə klubun məşq bazasında görünüb. Kompaninin millilərin oyunlarına görə yaranan noyabr fasiləsindən sonra komandanın rəhbərliyinə qayıdacağı gözlənilir.
Qeyd edək ki, Vensan Kompani 2024-cü ilin mayından “Bavariya”nı çalışdırır. Onun rəhbərliyi altında Münhen klubu iki dəfə Almaniya çempionu və ölkə Superkubokunun qalibi olub, həmçinin Almaniya kubokunu qazanıb. Belçikalı mütəxəssis daha əvvəl “Anderlext” və “Bernli” klublarında işləyib.



No Comment! Be the first one.