Elnur Cəfərov: Vaxtilə istedadımdan düzgün istifadə etmədim - MÜSAHİBƏ
“Şəfa”nın kapitanı, 29 yaşlı yarımmüdafiəçi Elnur Cəfərovun evdə “Araz-Naxçıvan”la 2:2 hesablı heç-heçə etdikləri Misli Premyer Liqası XI tur matçından sonra Sportify.az-a müsahibəsi (II hissə):
– Karyeranızla bağlı da danışmaq istərdik. Bir vaxtlar istedadlı futbolçu kimi tanınırdınız, sonra futboldan uzaqlaşdınız. İndi isə yenidən qayıtmısınız və demək olar ki, karyeranızın ikinci mərhələsini yaşayırsınız…
– Özüm haqqında çox danışmaq istəmirəm. Qısa olaraq deyə bilərəm ki, bu gün buradayımsa, artıq elə yaşdayam ki, nümunə olmalıyam. Çünki Azərbaycanda çox istedadlı futbolçular var. Bəzən tez ruhdan düşür, futboldan vaz keçirlər. Allaha şükür, ona sığındım və əziyyət çəkdim. Bu gün II Liqadan Premyer Liqaya qayıtmışamsa, ilk növbədə, bu, Allahın qismətidir. Digər tərəfdən, çəkdiyim əziyyətin bəhrəsidir. İndi də çalışıram ki, nümunə olum. Düşünürəm ki, gələcək nəsil və istedadlı futbolçularımız üçün bariz nümunə ola bilərəm.
– Bəs qayıdışında kimlərinsə xüsusi rolu oldumu?
– Əlbəttə, qayıdışımda çox insanın rolu olub. Kiminsə adını çəkib, digərinin adını çəkməmək istəmirəm. Ən əsası, “Şəfa” rəhbərliyinə təşəkkürümü bildirirəm. İlk gündən mənə dəstək oldular, inandılar. II Liqadan etibarən klub rəhbərliyinin müəyyən layihələri var idi. Bu yolda mənə güvəndilər. Mən də çalışdım ki, onların etimadını doğruldum. İstedadlı azərbaycanlı futbolçuların yenidən futbola qayıtması istiqamətində “Şəfa” rəhbərliyinin gördüyü işlər təqdirəlayiqdir.

– İnsan yaşlana bilər, amma istedad heç vaxt itmir. Bunu özünüzdə də hiss edirsiniz?
– Əlbəttə, istedad qalıcıdır. Sadəcə, ondan düzgün istifadə etmək lazımdır. Mən vaxtilə bu istedadımdan düzgün istifadə etmədim. Vaxtında doğru-dürüst yararlansaydım, karyeramı daha yüksək pillələrdə və daha stabil şəkildə davam etdirə bilərdim. Yenə də bu günümüzə şükür. Bundan sonra daha təcrübəli və daha ağıllı davranaraq çalışacağam ki, işimə kölgə salmayım.
– Həmin vaxt sizi səhv yola yönəldən, yanlış qərarlar verməyinizə səbəb olan insanlar var idi?
– Oturub bu barədə uzun-uzadı danışa bilərəm. Bəli, mənim də səhvlərim olub. Bəzi məqamlarda haqsızlıqlar da olub. Amma ən əsası, səhvi özümdə axtarıram. O mənada ki, işimə bərk yapışmamışdım. İndi isə düşünürəm ki, işimə möhkəm bağlanmışam. İnanıram ki, Allah bəhrəsini verəcək.
– Milli komandaya yenidən dəvət almaq hədəfiniz varmı?
– Əlimdən gələni edəcəyəm. Əlimdən gələni edəcəyəm ki, o şansı qazanım. Təbii ki, hər bir yerli futbolçu kimi mənim də hədəfim meydanda əziyyət çəkərək o pillələrə çıxmaqdır.
Elşən MƏMMƏDOV



No Comment! Be the first one.